Cüdoçularımız Avropa çempionatına start verdi
Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatına start verilib.
Artıq üç cüdoçumuz mübarizəyə qoşulub.
66 kq çəki dərəcəsində Orxan Səfərov Manuel Lombardonu (İtaliya) və Nicat Şıxəlizadə Vadim Buneskunu (Moldova) məğlub edib. Onların növbəti rəqibləri müvafiq olaraq Matey Polyak (Slovakiya) və Kilian Le Bluş (Fransa) olacaq.
Qadınların mübarizəsində 52 kq çəki dərəcəsində bu ay Xorvatiyada keçirilmiş 23 yaşadək cüdoçuların Avropa çempionatında gümüş medal qazanmış Gültac Məmmədəliyeva uğursuz çıxış edib. O, ilk görüşündə Tetyana Levitska-Şukvani (Gürcüstan) ilə qarşılaşmada uduzaraq mübarizəni dayandırıb.
57 kq çəki dərəcəsində rumıniyalı legionerimiz Aleksandra-Larisa Florian ilk görüşdə Sanne Verhaqenə (Niderland) uduzaraq mübarizəni başa vurub.
Bu gün həmçinin, 48 kq çəki dərəcəsində Aişə Qurbanlı Distria Krasniçi (Kosovo) ilə qarşılaşacaq. Bu çəkidə digər idmançımız Leyla Əliyeva Katarina Mentslə (Almaniya) güləşəcək.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycan 14 cüdoçu (doqquz kişi və beş qadın) ilə təmsil olunur.
ölkəpress.com