olkepress.com
olkepress.com

Çevrəsi həbs olunan nazirlərin azadlığının sirri

8-04-2021, 21:16

Çevrəsi həbs olunan nazirlərin azadlığının sirriAzərbaycanda 2018-ci ildən başlanan əsaslı kadr dəyişiklikləri hökumətin məmur vitrinində ciddi yeniliklərlə nəzərə çarpır. Hakimiyyətin yüksək pillələrində vəzifə tutan iri ranqlı məmurların, odioz fiqurların, korrupsiyaya bulaşmış və milyarderə çevrilmiş nazirlərin işindən azad olunması ilə onların yerlərini gənc, reputasiyası korlanmamış, adı maxinasiyalarda hallanmayan kadrlar tutdu.

Amma vəzifəsindən kənarlaşdırılan sabiq nazirlərlə, yüksək çinli məmurlarla hansı şəkildə haqq-hesab çəkilməsi ictimaiyyətə məlum olmasa da, faktiki onlar əməllərinə, mediada səslənən ittihamlara görə məsuliyyətə cəlb olunmadılar, mühakimə edilmədilər. Beləliklə, xirtdəyə qədər rüşvətə bulaşan, adı korrupsiyada, özbaşınalıqlarda çəkilən, vəzifədə olduğu dövrdə idarə etdiyi sahəni bərbad günə qoyanların əksəriyyəti azadlıqda gəzir, heç birinə cinayət işi açılmayıb.

Bu xüsusda istər sabiq nəqliyyat naziri Ziya Məmmədov, istər kənd təsərrüfatı naziri Heydər Əsədov, habelə sabiq müdafiə naziri Səfər Əbiyev, eks əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi şefi olmuş Eldar Mahmudov, o cümlədən xarici işlər naziri olmuş Elmar Məmmədyarov, uzun illər Bakı meriyasına rəhbərlik etmiş Hacıbala Abutalıbov, vergilər naziri çalışmış Fazil Məmmədov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev və digərləri barəsində heç bir tədbir görülmədi. Adıçəkilən keçmiş məmurların çevrəsindəkilər istintaqa cəlb olundular, həbsə göndərilənləri oldu, kəsəsi, ikinci eşelonda yer alanlar ağır cəzalandırıldılar. Ən son presedenti BŞİH-in sabiq Aparat rəhbəri Rasim Quliyevin timsalında gördük.

Hələlik sabiq nazirlərdən Səlim Müslümovu istisna etmək olar ki, həbsdə saxlanır. İşdən çıxarılan nazirlər və digər yüksək rütbəli məmurlarla qanunların tələbinə görə necə davranılmalıdır? Onların istintaqa çağırılmaları, dindirilmələri olmalı deyilmi? Əllərində böyük kapital, rıçaqlar olan, illərlə işləyib dövlətin malını talayan, yağmalayan məmurlar belə boş və sərbət buraxılmalıdırlarmı? Əgər nazirin müavini, yaxud şöbə müdiri rüşvətlə həbs olunursa, onun əməllərindən zamanında rəhbərinin də xəbəri olmamış deyil, hətta onunla əlbirdir. Ancaq dəmir barmaqlıqlar arxasına gedən faktiki ikincilər, üçüncülər olur.

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəylinin “Yeni Müsavat”a bildirdiyinə görə, nazirliklərdə, mərkəzi icra hakimiyyəti orqanlarında birinci şəxsin razılığı olmadan heç zaman ikinci rütbəli məmurlar hansısa özbaşınalığa yol verə bilməzlər. Partiya sədri hesab edir ki, buna görə də nazir-məmurlar hüquqi məsuliyyət daşımalıdırlar: “Azərbaycanda isə əks praktika formalaşıb, birincilərə toxunmurlar. Burada iki amil ola bilər ki, biz nəzərdən qaçırmamalıyıq.

Bir faktor ondan ibarətdir ki, hakimiyyət dairələri onlardan zamanında istifadə edib və onların qanunsuz hərəkətlərinə göz yumub, indi kimsə cavabdehlik daşımalıdır deyə ikinci səviyyədə olan məmurları həbs edirlər. Digər səbəb isə həmin işdən çıxarılan nazirlərin topladığı sərvətin müsadirə olunması və bölüşdürülməsidir. Prezidentin keçmiş köməkçisi Əli Həsənov etiraf etmişdi ki, onun və oğlunun əlində əmlakları, şirkətləri qalmayıb, hamısını təhvil verib. Bu açıqlamanın özü göstərir ki, onlar yığdıqları sərvəti verməli olurlar və canlarını qurtarırlar. Amma bütövlükdə bu, düzgün olmayan yanaşmadır".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli hesab edir ki, Azərbaycan hakimiyyətində “məmur təmizlənməsi” prosesi elə bu hakimiyyətin özü ilə eyni vaxtdan başlayıb: “İlk dövrlərdə proses ”birincilər"in vurulub, sonra ətrafının təmizlənməsi kimi müşahidə olunurdu. Surət Hüseynov, Rəsul Quliyev, Əli İnsanov, Fərhad Əliyev kimilərinin timsalında bunun şahidi olmuşuq. Amma son vaxtlar əksini görürük. Eldar Mahmudov, Ziya Məmmədov, Səfər Əbiyev, Hacıbala Abutalıbov azadlıqda olub, hətta yüksək təqaüd aldıqları halda onlara bağlı şəxslər ya həbs edilib, ya da cəzalanıb. Fikrimcə, bunun əsas səbəbi oliqarxların zaman keçdikcə daha da güclənməsi və toxunulımaz hala gəlməsidir.

Etiraf olunmasa da ətrafı “vurulub”, özləri sərbəst qalan nazir-oliqarxlar iqtisadi imkanları, siyasi gücləri ilə təhlükəli hala gəlib çıxıblar. Onların bu şəkildə sərbəst qalmalarının əsas səbəblərindən biri budur. Yəni Eldar Mahmudov, Səfər Əbiyev kimi nazirlərə qandal vurulmasının cavabı kimi dövlətin harada zərbə görəcəyini bilmək olmaz. Bütün bunlarla yanaşı, həmin şəxslərin belə cəzasızlıq mühitində qalması həm cəmiyyət tərəfindən mənfi qarşılanır, həm də onların təhlükəlilik əmsalını saxlayır".

S.Əsədlinin sözlərinə görə, əlində böyük kapital, xarici siyasi əlaqələr və hakimiyyətin mətbəxinə dair sirlərə sahib olan, üstəlik, incik qalan oliqarxlar real qisas və təhlükə mənbəyidir: “Siyasi şərait və sonrakı kənar təsirlər hesablanaraq bu şəxslərin tam zərərsizləşdirilməsi üçün qəti addımlar atılmalıdır”.
“Yeni Müsavat”

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi