1 saylı Şəhər Kliniki Xəstəxanası (Semaşko) antisanitariya yuvasına çevrilib. Xəstəxana həyəti tullantılarla dolub-daşır.
Reportyor.info-ya göndərilən video faktdan da görünür ki, “Semaşko” zibil dağına çevrilib.
Buna şərait yaradan isə xəstəxananın direktoru Könül doktor və Yoluxucu Xəstəliklər şöbəsinin müdiri Fərrux həkimdir. Deyilir ki, xəstəxananın bütün cərrahi şöbələrində olan əməliyyatlarda istifadə edilmiş sarğı və cərrahi materialları, eləcə də dializ şöbəsində bütün xəstələrin tullantıları (hepatit B və C, HİV, SPİD, dializli xəstələrin çoxunda bu viruslar var), damardaxili sistem şlanqları (hansı ki, həmin şlanqlarla qan və qan preparatları köçürülür) həmin zibilliklərdə “rəqs edir”.
Bundan əlavə, dezinfeksiya edilib yandırılmalı olan tibbi tullantılar həyətdə zibillik olaraq saxlanır və üç aydır ki, təmizlənmir. Bu da infeksiya mənbəyi, yoluxucu xəstəliklər ocağıdır.
Həmin tullantılar yoluxucu xəstəliklər şöbəsinin olduğu binanın qabağında yığılıb dizə çatıb. Deyilir ki, bu məsələdə hər gün işə bahalı maşınlarda gələn direktor Könül və şöbə müdiri Fərrux doktorların günahı var. Onlar zibilliyi təmizlətdirmirlər və nəticədə virus mənbəyi təhlükə saçmaqdadır. O da xəbər verilir ki, yoluxucu xəstəliklər şöbəsində reanimasiya ləğv olunub. Xüsusi təhlükəli pasiyentlərin qəbulu bu səbəbdən terapevtik və cərrahi xəstələrlə eyni yerdə aparılır. Eyni zamanda, 4 yoluxucu şöbə ləğv edilərək bir şöbədə birləşdirilib və eyni mərtəbədə müalicə gedir. Bir sözlə, cinayətə yol verilir.