Birləşmiş Ştatlar Ukraynaya əhəmiyyətli həcmdə hərbi yardım edir və Vaşinqtonun fikrincə, Kiyevin yazda əməliyyatları üçün bu yardım vacibdir.
Bizimyol.info xəbər verir ki, bunu bazar ertəsi Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalının efirində ABŞ-ın və Qərbin niyə "F-16" qırıcılarını Kiyevə təhvil verməmək qərarına gəldiyi sualına cavab verərkən deyib.
“Bununla bağlı deyə bilərəm ki, artıq xeyli miqdarda yardım göndərilir və onların göndərilməsi yaxın həftələrdə və aylarda davam edəcək. Bunlar qışda ukraynalılar üçün, eləcə də yazda gözlədikləri döyüşlər üçün kritik olacağını bildiyimiz silahlardır”, - deyə Ağ Ev rəsmisi qeyd edib.
Kirbi jurnalistin Ukraynaya tankların göndərilməsi qərarının çox gec verilə biləcəyi ilə bağlı fikirləri ilə də razılaşmayıb: "Tanklarla bağlı qərar - təkcə ABŞ deyil, həm də Almaniya və ondan əvvəl İngilislər - yazda gözlədiyimiz döyüşlərdə kömək etmək haqqında idi. Beləliklə, bu halda biz hava yaxşılaşdıqda Ukraynanın hansı silahlara ehtiyac duyacağını proqnozlaşdırmağa çalışırdıq", - deyə o qeyd edib.
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton "F-16" qırıcılarını Ukraynaya ötürmək niyyətində deyil.