Kolumbiya prezidenti Qustavo Petro öküz döyüşünü qadağan edən mübahisəli qanun layihəsini imzalayıb.
Olkepress.com KONKRET.az-a istinadən xəbər verir ki, Petro qanun layihəsini yüzlərlə heyvan hüquqları müdafiəçisinin iştirakı ilə paytaxt Boqotadakı La Santamaria öküz meydançasında imzalayıb.
Qustavo Petro burada verdiyi açıqlamada deyib ki, “Biz dünyaya canlıları əyləncə üçün öldürməyin mədəniyyət olduğunu deyə bilmərik”.
Ölkədə müzakirələrə səbəb olan öküz döyüşünü qadağan edən qanun layihəsi mayın 29-da Konqresdə səs çoxluğu ilə qəbul edilib.
Keçmiş nüfuzuna baxmayaraq, son illərdə bu ölkədə öküz döyüşləri az sayda iştirakçı ilə keçirilirdi.
Prezident Petronun imzaladığı qanun layihəsi 2027-ci ildə qüvvəyə minəcək. Ekspertlər vurğulayırlar ki, korridaya son qoymaq həm də ölkənin bəzi yerlərində bu tamaşa ətrafında çoxdan formalaşmış ənənələrə son qoymaq deməkdir.
Qeyd edək ki, Ekvador, Fransa, Meksika, Peru, Portuqaliya, İspaniya və Venesuelada korrida oyunlarına icazə var. Braziliya, Çili, Argentina, Uruqvay və Qvatemalada isə bu, qadağan edilib.