Bəlkə də Nəsimi məqbərəsi bizi gözləyir – Suriyadan azərbaycanlı alimə göndərilən eksklüziv – VİDEO + FOTOLAR
Xatirə Quliyeva
"Nəsimi” Suriya - Azərbaycan Dostluq Cəmiyyəti İctimai Birliyinin təsisçisi və sədri, Fəlsəfə elmləri doktoru
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əiyevin Söz dühalarımızdan biri - İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi ilə bağlı 15 noyabr 2018-ci il və 2019-cu ilin ölkəmizdə “Nəsimi İLİ” Elan olunması haqqında 11 yanvar 2019-cu il tarixli Sərəncamları təbii olaraq zəngin poeziyası və faciəvi həyat sonluğu ilə yaddaşlarda iz salmış İmadəddin Nəsiminin əbədiyyətə qovuşduğu ədalətsiz müharibənin od-alovları içərisində olan Suriya torpaqları, Hələb şəhərindəki məqamının hazırkı vəziyyəti ilə bağlı düşüncələrə də işıq salmaq zərurəti yaradır. Bəs bütün dövrlər üçün “mülki-cəhan”, “həqqə məkan”, “şərhü bəyan” Nəsimimiz, beləcə “cahanə”, “kövnü məkana” sığmaz şairimiz indi Hələbdəki məkanında necədir?
Bu sual və ona müxtəlif cavablar yubiley təntənəsinə qədər də - 2011-ci ildə Suriyada müharbə başlayandan gündəmdədir. Dünya virtuallaşıb. İnformasiyalar sərhəd tanımır. Bizim medyada çoxluq qərib şairimizin məqamının müharibəyə, döyüşlərə sinə gərdiyini arzulayıb, bu məzmunda məlumatları yaysa da həqiqət və dəqiq informasiya məqsədli mediya bunun əksini bildirirdi. Hələbdə olanlar, Hələbdə Nəsiminin məqamının yerləşdiyi ərazini tanıyanlar əlbəttə ki, məsələyə “həqqi əyan” ağlı ilə qiymət verirdilər. Çünki döyüşlər Hələbin əsas ana yolunun üstündə gedirdisə və daha təsirlisi Qaladan şəhərə, yaxud şəhərdən Hələbin Türkiyə - Kilis qapısına doğru olan səmti terrorçular tutmuşdularsa burada ən gözəl, görünən bir nöqtədə yerləşən Şeyx İmadəddin Nəsimi məqamı necə zərər görməyə bilərdi?
Hələbdə ünümüz çatan, “o tərəflərə”- Mədinə bazarına, Zəkəriyyə peyğəmbər məscidinə və s. həsrət qalmiş, o tarixi yerlərin gülləbəran edildiyini yaxşı bilən insanlar da bunu şifahi bildirirdilər. Lakin Hələbdən bir yazı, bir səlahiyyət sahibi bu haqda məlumat vermirdi.
Təxminən iki il əvvəl həmin ərazi milləti, dili, rəngi belə yad-gəlmə olan işğalçılardan təmizləndi. Dağıdılmış tarixi abidələr və bütünlükdə mədəniyyət şəhəri Hələb bərpa olunmağa başladı. Bu zaman ara-sıra sosial şəbəkə -facebookda Azərbaycan şairi Nəsiminin də təkiyəsinin zərər çəkmiş olduğu qeyd olundu. Bu qeydlərin ardınca da nəsimişünaslığa iddialı şəxslərin əsassız təkzibləri, onlara inanan bəzi saytların fakta söykənməyən yanlış məlumatı yaymaları müşahidə olundu. Heç kim özünə və bunu yayanlara sual vemədi ki, “getmisən, gözünlə görmüsən ?”...
Əlbəttə necə əzizlərimizin məzarı, Nəsiminin də məzarı bizim hər birimiz üçün əziz məqamdı. Heç kəs istəmzdi ki, bu məqama qurşun yaxınlaşsın. Ancaq müharibə müharibədir. Dağıntılar da, qurşunlar da təbii hadisədir. Bu baxımdan mən nə qədər acı olacağını anlasam da Nəsiminin məqamının sorağındaydım.
İmadəddin Nəsiminin çağdaş ərəb dilli mənblərinin yazarlarını, xüsusən də dahi şairin ərəb dünyasında ən məşhur tədqiqatçısı, onu əbədiləşdirən Əbdülfəttah Rəvvas Qələçini indi bütün dünyanın bir böyük mağar kimi toplandığı Facebook sosial şəbəkəsində axtararkən bir sıra Suriya-Hələb ziyalıları, o şəhərin rəsmi qurumları, o cümlədən Hələb şəhərinin baş inşaat mühəndisi - bu şəhərin bir çox qəsəbələrinin, tikililərinin qurucusu, hazırda Səudiyyə Ərəbstanında Ər Riyad şəhərində layihə rəhbəri olaraq çalışan Əbdülrəhman Əl-Jasserlə yazışmalar apardım. O mənə imkan daxilində Söz dahimiz İmadəddin Nəsiminin məqamını ziyarət edib, onun bugünki vəziyyəti haqqında məlumat verəcəyinə, məni 81 yaşlı, Suriyada müharibə başlarkən, alovlanıb evini əhatələyərkən vətəni tərk etməmiş, bütün ərəb Nəsimi tədqiqatçılarından üstün hesab etdiyi Əbdülfəttah Rəvvas Qələçi ilə əlaqələndirəcəyinə söz verdi. Əbdülrəhman Əl-Jasserlə öz səhifəsində minlərlə insanın diqqət ayırdığı Hələb tarixi abidələrindən, mədəniyyət mərkəzlərindən fotolar, məlumatlar paylaşdıqca ara-sıra rəylərimlə ona mənə vermiş olduğu “Sözü” xatırladırdım. Bir paylaşmasındakı fotonun altında “Avropada yollar Romaya, Hələbdə şerə aparır”- yazmış Əbdülrəhman Əl-Jasserə mən “Hələbdə şer də Nəsimiyə aparır...” rəyimi ünvanladıqda, o “fotolarının Nəsimi məqamından 5000 metr irəliyə aid olduğunu, oralara müharibənin yaratdığı dağıntılar səbəbindən getməyin çox çətinliyi barədə və “təəssüf ki, “Nəsiminin” məqamı da zərər çəkib” cavabını yazdı. Ancaq o, bu istəyimi - fotolar – xahişimi, yerinə yetirəcəyinə təkrar Söz verdi.
Nəhayət, mənim ərəb dilini bilməyə-bilməyə, çətinliklə google tərcümə sistemi vasitəsi ilə Əbdülrəhman Əl Jasserlə yazışmalarım nəticə verdi və Hələbin tanınmış ziyalılarından olan, şəhərin baş inşaat mühəndisi mənə bu gün minlərlə izləyicinin maraqla oxuduğu “Təsəvvüf şairi İmadəddin Nəsimi” (الشاعر الصوفي عماد الدين النسيمي) məqaləsini yolladı.
Məqalədə İmadəddin Nəsimi məqbərəsinin bu günki vəziyyəti haqqında qeydləri təqdim etməzdən öncə Əbdülrəhman Əl-Jasserin çəkdiyi fotolar haqqında lokonik şərhimi diqqətə çatdırmaq istəyirəm.
Belə ki, Əbdülrəhman Əl-Jasserin çəkdiyi şəkillər mənim ərəb dilli çağdaş tədqiqatlarda Nəsimi irsinin təhliləri mövzusunu araşdırarkən və eləcə də hələbli insanlardan Nəsimi məqamı fotolarını istəyərkən əldə etdiyim şəkillərin demək olar ki, çoxundan fərqli və yenidirlər. Həmçinin də peşəkar mütəxəssis olan Əbdülrəhman Əl-Jasser onların elmi şərhini həm Ərəb Ensiklopediyasına, eləcə də ƏbdülFəttah Rəvvas Qələçi tədqiqatlarına əsaslanmaqla müfəssəl və dolğun şəkildə verməklə ərəb memarlıq tarixinin müharibədə nə qədər “sarsılmış” olsa da öz tarixi gözəlliyini qoruduğunu nümayiş etdirir.
Bir məsələni də diqqətə çatdırmaq istərdim. Belə ki, Əbdülrəhman Əl Jasserlə bir neçə ay davam edən yazışmalarımızın son nəticəsi - bu məqalənin ərsəyə gəldiyi gün mən ona “Hələbdə düşmənlərin dağıtdığı Zəkəriyyə peyğəmbərin məscidində, Nəsiminin “təkiyəsi”ndə bərpa işlərinin” getdiyini bildirdikdə, o mənim məlumatımın bir az yanlış olduğunu dedi və əlvə etdi ki, – “Həzrət Zəkəriyyə və Böyük Əməvilər” məscidlərinin bərpasına başlanılmışdır, İmadəddin Nəsiminin məqamına gəlincə hələki bu görünmür, yəqin ki, ona da növbə çatacaqdır”. Bu məlumat təbii YUNESKO tərəfindən qəbul edilmiş qərar - Nəsiminin 650 İllik Yubileyinin bütün dünyada əks-səda doğurması tərənəsinin yaşayan bir Azərbaycanlı olaraq məni həm kövrəltdi, həm düşündürdü. Həmsöhbətim elə bil ürəyimi oxuyubmuş kimi “Azərbaycan bərpa işlərini öz üzərinə götürəcəkmi?( هل سوف ترمم آذربيجان جامع النسيمي ؟)”- sualını mənə verdi. Cavabım “bu haqda heç bir məlumatım yoxdur”, - oldu.
Əbdülrəhman Əl-Jasserlə sonrakı danışıqlarımızda mən ona İmadəddin Nəsimi məqamın Azərbaycanın bərpasının etməsi məsələsini məqaləsində qeyd etməsini təklif etdim. Ancaq məsələnin siyasi mahiyyətini nəzərə alıb, dərhal fikrimdən geri çəkildim. Qərarımız belə oldu ki, “biz siyasətə” qarışmayaq...
Yeri gəmişkən, qeyd edim ki, Hələbdə və ümumiyyətlə ərəb ədəbiyyatı və elmi sahəsində İmadəddin Nəsimi adı gələndə ilk yada düşən qocaman alim və yazıçı Əbdülfəttah Rəvvas Qələçi (daha dəqiq desək Qalaji) də mənim suallarımı cavablndırarkən “burda hökumət hal-hazırda ən vacib tikililəri – bombardıman nəticəsində sökülmüş binaları, məktəbləri, xəstəxanaları bərpa edir, Zəkəriyyə və Əməviləri dini cəmiyyət, bazarları iş adamları”, - deyə dahi şairimiz İmadəddin Nəsiminin məqamının təmir- bərpa işlərini bizim ölkənin boynuna götürməsinə işarə etmişdir. Əlavə olaraq deyim ki, erməni lobbiçilər də Hələbdəki katoloq kilsələrini təmir etməkdədirlər.
Burdaca diqqəti yarım əsr əvvəllərə gedib çıxan Suriya-Azərbaycan əlaqələrinə, xalqımızın Ulu öndəri Heydər Əliyevin Suriyaya səfəri zamanı Nəsimini ziyarət etməsi ilə bu məqamın abadlaşdırılması və s. müsbət ruhlu qaynaqlara yönəltmək istəyirəm. Beləki, Azərbaycanla Suriya arasındakı əlaqələrin tarixi İpək yolu üzərindən başlayıb. Bu əlaqələrin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bu ölkəyə 1972-ci ildə rəsmi səfər etməsi, Suriya Ərəb Respublikasının prezidenti Hafiz Əsədlə görüşləri ilə əsaslı bünövrəyə çevrilmişdir. Həmçinin Hafiz Əsəd də 1984-cü ildə SSRİ-yə səfəri zamanı Azərbaycana gəlmiş, əlaqələr təravətlənmiş və möhkəmlənmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycan və Suriya arasında əlaqələr 1992-ci ilin 28 mart tarixindən başlayır. 11 aprel 1997-ci ildən isə iki ölkə arasında əməkdaşlıq yüksək rəsmi səviyyə qazanmışdır. Bundan sonra Ulu öndər Heydər Əliyev Dəməşq şəhərinə Azərbaycan sfirliyinin açılması haqqında qərar qəbul etmişdir. Həmin ilin 9 dekabr tarixində Tehranda 8-ci İslam Sammitində Heydər Əliyevlə Hafiz Əsədin görüşləri olmuş, Azərbaycan prezidenti Suriya liderinə davam edən Dağlıq Qarabağ münaqişəsi, bu istiqamətdə atılan addımlar haqqında məlumat vermişdir.
2008-ci il, may ayının 16-da Suriyanın Dəməşq şəhərində fəaliyyətə başlayan Azərbaycan səfirliyi iki ölkə arasında əlaqələrin güclənməsində həlledici addımlar atmışdır. Suriyanın hazırkı prezidenti Bəşər Əsəd 2009-cu ildə dost ölkə Azərbaycana rəsmi səfərə gəlmiş, prezident İlham Əliyev və digər siyasilərlə görüşmüş, bu qarşılıqla görüşlərin real yekunu olaraq iki hökumətin Nazirlər Kabinetləri arasında müxtəlif sahələri əhatə edən 14 bənddən ibarət Saziş imzalanmışdır.
Bu istiqamətdə mədəniyyət əlaqələri də əsas təşkil edirdi. Belə ki, 2009-cu ilin 17-20 noyabr tarixində Suriyanın Hələb şəhərində Azərbaycanın dahi şairlərindən İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş müştərək elmi konfrans keçirilmiş, Nəsiminin bu şəhərdə olan məzarının restavrasiyası və həmin ərazinin yenidən qurulması haqqında ümumi razılaşma qəbul edilmişdir.
Bu haqda Azərbaycan mətbuatı, eləcə də ərəb rəsmi medyası geniş yazılar vermişdir. Azərbaycanın Suriyada səfiri olmuş Mahir Əliyevin modern.az saytına verdiyi “Azərbaycanın Suriyadakı ilk səfiri: “Suriya müftisi Nəsiminin qətlinə görə xalqımızdan üzr istədi” müsahibədə də ciddi məlumatlar vardır. Səfir müxbirin “- Bəs qəbrin yenidən bərpasının mümkünlüyü barədə hansı nəticə hasil olundu?-sualını cavablandırarkən göstərmişdir ki, “- Qədim şəhər qoruğunun rəisi ilə danışdıq və o, orada daşı daş üstünə qoymaq ixtiyarlarının olmadığını bildirdi. “Bunun üçün mütləq YUNESKO ilə razılığa gəlinməlidir” dedi. Çünki qəbirin yerləşdiyi ərazi YUNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə baxmaq olardı. Bu zaman biz təkliflərimizi bildirdik. Çəkdiyimiz şəkilləri Bakıya göndərdik. Biz şəkillərdə hər yeri ayrı-ayrılıqda dəqiqliyinə qədər təsvir etmişdik. ... Yerli - suriyalı arxitektorlar məsələni öz aralarında müzakirə etdilər. Təxminən belə bir plan cızıldı. Məqbərəni dəyişdirmək olar, ancaq çox hündürə qaldırmaq olmaz. Çünki məqbərənin YUNESKO tərəfindən qəbul edilmiş ölçüləri var. Memarlıq abidələrini ortaya incəsənət əsərləri kimi çıxartmaq olmaz. Azərbaycan Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev administrativ qrupun rəhbəri idi. Bir az keçəndən sonra cənab prezidentin məsələ ilə bağlı sərəncam imzaladığı və qəbrin bərpası üçün maliyyə vəsaiti ayırdığı xəbəri verildi” ( https://modern.az/az/news/198722 ).
İndi, Suriya ərəb Respublikasında müharibə alovlarının hələ də səngimədiyi, təbii olaraq ölkənin iqtisadi vəziyyətinin ağır olduğuğu bir vaxtda səfir Mahir Əliyevin vurğuladığı fikir, - “Bunun üçün mütləq YUNESKO ilə razılığa gəlinməlidir” dedi. Çünki qəbrin yerləşdiyi ərazi YUNESKO-nun maddi-mədəniyyət irsinə daxil edilib. Ərazi tarixi abidə kimi qorunur. Ancaq onların razılığı ilə bu məsələyə baxmaq olardı”- çox aktual səslənir.
Fikrimizcə, YUNESKO, eləcə də milli-mənəvi dəyərlərimizə, xalqımızın yetirdiyi dahilərə daim xüsusi diqqət ayıran, onların unudulmaması üçün tarixi işlər həyata keçirən Azərbaycan Respublikasının əlaqədar qurumları Suriya, - Hələb torpaqlarında uyuyan qərib dahimizin müharibədən zərər çəkmiş məqamının bərpası işləri ilə də bağlı mühüm addımlar ata bilər. Bu YUNESKO xətti ilə qeyd olunan İmadəddin Nəsiminin 650 illik yubileyinə ən layiqli tövhələrdən biri olardı.
Beləliklə, söz dahimiz İmadəddin Nəsimi Suriya Ərəb Respublikasının Hələb şəhərində yerləşən, Qala küçəsinin 7 dəqiqəliyində olan və deməli, şəhərin mərkəzində gözbəbəyinə bənzəyən və “qonşusu” -- 17 km. ərazidə olan Midine bazar, Əməvilər və Zəkəriyyə peyğəmbər məscidləri ilə müqayisədə həcmcə çox yiğcam olan İmadəddin Nəsimi məqbərəsinin tezliklə bərpa olunacağına böyük nikbinlik hissəri ilə məqamının bu günündən bəhs edən fotolar və vidyo lentləri təqdim edir, eyni zamanda Nəsimi – 650 təntənəsinin və Nəsimi İli şöləninin daha da güclənməsi məramı ilə tədbirlərin o məqamda davam etməsi arzularımı bölüşürəm. Əslində Zaviyya əl-Nəsimi 1972-ci idə xalqımızın Ulu öndəri Heydər Əliyevin Suriyaya səfəri zamanı onun şairi yada salması ilə tapılıb abadlaşdırılmış, 2009-cu ildə bizim ölkənin dəstəyindən sonra təmir edilmiş, dar-darısqal köşə - dalan bir neçə evin köçürülməsi hesabına müəyyən qədər genişləndirilib “prospekt” halına gəlmişdi. Bəlkə də güllələnmiş Nəsimi məqbərəsi, hələ lə məkan ruh bizi gözləyir.
Yazı xüsusi olaraq Avrasiya.net üçün hazırlanıb
P.S. Foto və video görüntülər Xatirə xanım Quliyeva üçün eksklüziv olaraq çəkilib, göndərilib və heç bir yerdə ictimailəşdirilməyib.