“Gələcəyə iz qoy!” şüarı ilə Türkiyədə beynəlxalq konqres keçirilib
BMU İnnovasiya Mərkəzi Azərbaycanı Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresində tədbirdə təmsil etdi.
Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzi Türkiyənin nüfuzlu elm-texnologiya sahəsində ixtisaslaşmış qurumları, aidiyyatı dövlət orqanları və universitetləri ilə əməkdaşlıq əlaqələri qurur. Bu barədə TED.az-a BMU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov məlumat verib.
Əməkdaşlıqla bağlı razılıq sentyabrın 26-dan 28-dək Türkiyədə keçirilən 1-ci Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunub.
ESOGÜ Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə Türkiyə ilə yanaşı dünyanın bir çox ölkələrindən texnologiya transfer mütəxəssisləri, alimlər, investorlar iştirak ediblər.
“Gələcəyə iz qoy!” şüarı ilə keçirilən konqres Eskişehir Osmanqazi Universitetinin rektoru, professor Kamal Şenocak və ali məktəbin prorektoru, professor Ali Arslantaşın açılış nitqi ilə başlayıb.
Tədbirdə İngiltərə, Estoniya, Azərbaycan və Almaniyadan olan alimlərin daxil olduğu Elmi Komitənin təsdiqlədiyi Texnologiya transferi ofislərinin gələcəyi, Effektiv texnologiyaların transfer prosesləri və Sahibkarlıq ekosistemləri mövzusunda 25-dən çox elmi iş təqdim edilib.
Konqresdə Azərbaycanı BMU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov təmsil edib.
Tədbirlə bağlı təəssüratlarını bölüşən E.Yusubov qeyd edib ki, o, bu konqresin idarə heyətinin üzvü olaraq təkcə təmsil etdiyi Bakı Mühəndislik Universiteti üçün yox, ümumilikdə Azərbaycanın ali məktəblərində texnoloji yeniliklərin tətbiqi, bu sahənin ölkəmizdə inkişafı naminə bir sıra görüşlər keçirib: “Türkiyə Elm və Texnologiya Araşdırma Qurumu (TUBİTAK), Universitet-Sənaye Əməkdaşlıq Mərkəzi Platfoması (ÜSİMP), Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB), Sənaye və Texnologiya Nazirliyi, eləcə də Osmanqazi Universiteti, Bilkend Universiteti və digər ali məktəblərin rəhbər və vəzifəli şəxsləri ilə qarşılıqlı əlaqə, işgüzar münasibətlərin qurulmasına nail oldum. Bundan başqa, konqresdə “Universitetlərin rəqəmsallaşma keçidi” adlı məruzə ilə çıxış etdim”.
Qurultayın son günündə TÜBİTAK prezidenti, professor Hasan Mandalın başçılığı ilə yekun qiymətləndirmə iclası keçirilib.
Konqresə təqdim olunan sənədlər və rəylər əvvəlcədən səlahiyyətli şəxslərə çatdırılıb.
Qurultayda təqdim olunan sənədlər ESOGÜ İqtisadiyyat və İdarəetmə Elmləri Jurnalının Texologiya Transferi Ofisinin jurnalının xüsusi nömrəsində dərc ediləcək.