25 illik krallığın sonu: 69 yaşlı general işdən çıxarılır
Ölkədə başladılan kadr islahatları hüquq-mühafizə orqanlaqını da əhatə edəcək
Yenisabah.az-a istinadən xəbər veririk ki, yayılan məlumatlara görə yaxın günlərdə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da vəzifədən azad olunacağı gözlənilir.
Əslində 69 yaşlı generalın vəzifədən azad olunacağı ilə bağlı iddialar Vilayət Eyvazov Daxili işlər naziri təyin olunandan dərhal sonra yayılmağa başlayıb. Əhalinin narazılıq etdiyi yol polisindəki çatışmazlıqları aradan qaldırmaq üçün son bir neçə ayda nazir mühüm dəyişikliklər həyata keçirib.
Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini, məşur polkovnik Müşfiq Rəhimov tutduğu vəzifədən azad edilib. O, Azərbaycanda nömrə biznesi ilə məşhur idi və vəzifədə olduğu müddətdə sözün əsl mənasında oliqarxa çevrilmişdi.
Bir neçə gün əvvəl isə sürücülərin ən çox şikayət etdiyi şəxslərdən biri, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin rəis müavini Rəşadət Babayev vəzifəsindən azad olunub. Bunun ardınca nazir yol polislərinin iş rejimi tamamilə dəyişdirdi. Bakı Şəhər Yol Polisi İdarəsində daha çox "rüşvət otaqları” kimi tanınan kabinetlər ləğv edildi, orada çalışan əməkdaşlar yollarda xidmətə yönəldildi.
Həmçinin, nazirin əmri ilə yol polisləri iki gündən bir işləyəcəklər, iş saatı 18:00-da bitəcək. Gecələr isə növbəlilik əsasında çalışacaqlar. İndiyə kimi sutkada az qala 14 saat işləyən polislər üçün bu, mühüm dəyişiklik idi.
Bundan başqa nazir Baş Dövlət Yol Polisi İdarəsində bir neçə kadr dəyişiklikləri həyata keçirib, yaşlı rəis müavinlərini təqaüdə göndərib və yeni kadrlar təyin olunub.
Prezident İlham Əliyevin yaşlı məmurları istefaya çağırışından sonra isə diqqətlər yenidən Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovun üzərinə yönəlib. 1951-ci il təvəllüdlü general 69 yaşının içərisindədir və 1994-cü ilin avqust ayından – tam 25 ildir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisidir. Bu vaxta qədər mediada onunla bağlı onlarla neqativ informasiyalar yayılıb, vəzifə səlahiyyətlərindən istifadə edərək özü üçün biznes imperiyası qurduğu haqda yazılar yayımlanıb.
Ölkəpress.com