“Mənim könül nəğmələrim” şeirlər toplusu Nəsibə Kəngərlinin 2-ci kitabıdır. Bu kitaba Kəngərlinin son illərdə yazdığı şeirləri daxil edilmişdir. Topluda yer tapan şeirlərdə sonsuz Vətən və ailə sevgisi, insanlara hörmət, sədaqət, eləcə də saf duyğular və məhəbbət tərənnüm edilir. Bu kitabda siz bayatılar, laylalar və satirik şeirlər ilə də tanış olacaqsınız.
Poeziya ən çətin sənət növlərindən biridir. Bəlkə, ən şöhrətlisi, seviləni və yeganəsidir. Səbəbi isə poeziya söz sənətidir. Onun orijinal, məxsusi poetik qanunları var. Şairlik insandan ilahi vergi, bədii təfəkkür, istedad və peşəkarlıq tələb edir. Sadaladığım xüsusiyyətlər şairə Nəsibə Kəngərlidə var. Mən 15 ildir ki, Nəsibə Kəngərlinin imzası ilə tanışam. 2012-ci ildə onun “Yada salarsız” şeirlər kitabına “Ön söz” yazmışam-ilk kitabına. Şairə Nəsibə xanım heç kimə bənzəməyən qeyri-adi düşünür, qeyri-adi yazır. Onun “Mənim Könül nəğmələrim” şeirlər toplusundakı poetik nümunələrdə olduğu kimi. Mövzu rəngarəngliyi ilə seçilən şeirlər sadəlikdə müəllifin əzizlərinə:övladlarına, ata-anasına, dostlara, könüldaşlara dərin məhəbbətinin şahidi oluruq. Əsas odur ki, Nəsibə Kəngərli illər boyu daxili dünyasında alovlanan, sayrışan duyğularını, fikirlərini, poetik təzahürünü, bədii ifadəsini oxucuya təqdim edə bilir:
Xatirələr bir-birinə qarışdı,
Ürəyim od tutdu, yandı, alışdı.
Könlüm səni unutmağa çalışdı,
Yenə düşdün sən yadıma bu gecə….
Nəsibə xanım atasına həsr etdiyi “Ata” şeirində öz övladları yolunda ömrünü məşələ çevirmiş atanın, nəcib bir insanın bədii obrazını yaratmışdır. Atasını itirən şairə dərdini, həsrətini ürək yanğısı ilə dilə gətirir.
Xəyalın qarşımda dinmir, danışmır,
Könlüm yas saxlayır, könlüm barışmır.
Sənin yoxluğuna heç cür alışmır,
Nə ağır dərd imiş sənsizlik, ata….
Poeziyanın əzəli, əbədi mövzuları var: Vətən, Ana, məhəbbət. Şübhəsiz Ana və Vətənə yazılan bu şeirlər də məhəbbətdən doğur və bunlar da məhəbbət şeirləridir. Nəsibə Kəngərlinin şeir toplusunda hər üç mövzuda şeirlər üstünlük təşkil edir. Xüsusilə Ana itkisinə həsr olunan şeirlər təsirlidir, ürək ağrıdandır. Ana şeirləri, Ana mövzusu daha üstünlük təşkil edir kitabda. Ana itirmiş şairə və onun ailəsi hələ də bu nisgili ürəyində daşıyır:
Elə qəmlənir, elə təklənir,
Hər zaman köməyə çatanım ana.
Səni əvəz edən bir kimsə yoxdur,
Ruhu da narahat olanım, ana.
Vətənə, el-obaya, ataya, anaya, övlada, sevdiyinə məhəbbət ilahi, bəşəri duyğuları əks etdirən məhəbbətdir. Nəsibə Kəngərli bu məhəbbətdən doğan hisslərlə övladlarına, bacılarına şeirlər həsr edib, həmkarlarına da. Nəsibə şeirlərində özüdür. O, yazdığı vərəqi boş yerə korlamır, qələminin mürəkkəbini də həmçinin. Onun beyni ilə ürəyindən süzülən poeziya nümunələri bulaq suyu kimi süzülür. Onun şeirlərində, misralarında bir dənə yerində işlənməyən söz, ifadə tapmaq olmaz. Əsl şair oxucunu da, tənqidçini də cəlb etməli, arxası ilə aparmalıdır.Nəsibə Kəngərli də bu qəbildən olan şairlərimizdəndir.
Nəsibə Kəngərli peşəkar terapevt-kardioloqdur, tibb üzrə fəlsəfə doktorudur. Şeir də, deyirlər, ürəyin kardioloqudur. Şeir ürəyin ruhu, dərmanıdır. Deməli, Nəsibə xanım xəstələri, oxucuları həm dərmanlarla, həm də şeirləri ilə müalicə edir. Onu da duydum ki, həmkarlarını çox sevir, dostlara ithaflar yazmağı da unutmayıb.
Şeirlərlə tanışlıqda daha nələri hiss etdim? Müəllif müraciət etdiyi mövzuların mahiyyətinə varır, bədii bir duyumla onu öz oxucularının ixtiyarına buraxır. Şeirlərdə sonsuz sevinc də var, kədər də, nisgil də.
Əsas ürəyimcə olan o oldu ki, Nəsibə xanım şeirlərində bir saflıq gördüm, onun mənəvi paklığının şahidi oldum. Bunu mənə kimsə yox, şeirləri söylədi:
İndi görürəm ki, məst edib yaman,
Ürəyi ləkəli ağuşlar səni.
Bir gün haqq-hesabın çəkərsə zaman,
Nifrətlə, qarşılar baxışlar səni.
Bir də mənə xoş gələn, sevindirən amillərdən biri də doğma azərbaycan dilimizə həsr edilən şeirdir. “Dilim” adlı şeir dövlətimizin dillə bağlı fərmanından ilham alınaraq yazılıb: dilə məhəbbət poetik misralarla bildirilərək dilin bədii-poetik tərifi verilir. Kitabda dilin ictimai həyatda oynayan əvəzsiz rolu, bədii məziyyətləri sadalanmaqla onun bədii obrazını yaratmaqla “Dilim” şeirində dilə sonsuz məhəbbət izhar edilir:
Yüz kitaba, min abidə,
Doğma Vətən dilindədir.
Dil muğamıdır, saf avazı,
Xanın səsi üstündədir.
Nəsibə xanımın poeziyasında Vətən şeirləri də üstünlük təşkil edir. O, doğma Qarabağını da tərənnüm edir, gözəl Bakını da, Azərbaycanımızı da, bayrağımızı da…. Azərbaycan xalqının XX əsrin sonunda üzləşdiyi Qarabağ problemi, itkin yurdumuzun, şəhid övladlarının həsrəti, yanğısı, öz torpaqlarında qaçqına, köçkünə çevrilən həmvətənlərimizin qəlbində dərin yara açmış el-oba həsrəti, doğma yurdların qarlı dağ zirvələri, Cənnət Qarabağın gül-çiçəyi, buz bulaqları, gur şəlalələri şairənin yaradıcılığının əsas leytmotivinə çevrilmişdir. Şairənin hər sözünə hopmuş qəm, kədər, həsrət doğma Vətənim dilbər guşəsindən ayrı düşmüş, onun gözəlliklərini seyr etməkdən məhrum olan bir şairin ürək çılğınlıqlarıdır:
Baharda quşların şux nəğməsinin,
Dağdan axan bulaq zümzüməsinin.
Yalçın qayaların, yaşıl meşənin,
Bu qalaların sorağındayam
Şairə şəhidlərə həsr etdiyi şeirlərində Vətən torpağını öz qanları ilə, canları ilə qoruyaraq ən ali zirvəyə-şəhidlik məramına yüksələn minlərlə qəhrəman oğulların ümumiləşmiş obrazını yaradır, kədərini, ağrısını, həsrətini yana-yana izah edir:
Adı qəlbimizdə daim yaşayan,
Müqəddəs bir ada çatan şəhidlər.
Nağıla, dastana şerə sığmayan,
Azadlıq uğrunda ölən şəhidlər.
Şairə Ali Baş Komandanımız İlham Əliyevə həsr etdiyi “Dəmir yumruq” poemasında baş sərkərdəmizin poetik obrazını yaradır:
Mənim qəhrəmanım,
Ümummilli Liderin,
Dahi insan Heydərin
Oğlu dahi İlhamdır.
Müstəqil Azərbaycanın
Dəmir yumruğu olan
O, dahi bir insandır.
İlham Əliyevin bu gün dünyanın gözü qarşısında nümayiş etdirdiyi qəhrəman lider obrazı onun məqsəd və mövqeyinə həqiqi, real mündəricə qazandıran əsas simvollardandır. Nəsibə xanımın poemasında düşmənə amansız zərbənin simvolu kimi xalq dəyəri qazanan “Dəmir yumruq” Müzəffər sərkərdənin nümayiş etdirdiyi iradə və güc qələbəmizə aparan yolun başlanğıcı kimi xarakterizə olunur. “Dəmir yumruq” poeması fikirdə milli qürurumuzun təcəssümünü ifadə edən və qəhrəmanlığı əks etdirən bir əsərdir:
44 gün davam edən
O qanlı müharibədə
Xalqım öz rəhbəriylə
Birləşib yumruq oldu.
İşğalda olan yerlər
Bir-bir azad olundu.
Nəsibə Kəngərlinin yaradıcılığında cinaslı bayatılar xüsusi yer tutur. Onun bayatılarını oxuyarkən ürəkdən deyirəm ki, bu qədim poetik janrda yazılan fikirlər gözəl qələmə alınıb. Şairə cinaslı bayatılarını qələmə alarkən elə ifadələr seçir ki, onlar cinas yaratdığı misralarda fikrin, mənanın ayaq açıb yeriməsinə imkan yaradır. Diqqət yetirək:
Mən aşıq gül qoxulu,
Ətiri gül qoxulu.
Mənə axşam mehmandı,
Sevgilim gül qoxulu.
Misraların səsini artıra bilərəm, amma ehtiyac görmürəm. Ən böyük müəllif oxucudur. Qoy oxucu özü qiymət versin müəllifin poetik dünyasına. Nəsibə Kəngərli Allahın ona bəxş etdiyi imkandan daha artıq heç nə ummayan bir yaradıcı insandır. Rəbbimiz ona iki istedad verib. Bayaq qeyd etdiyim kimi həkimlik və şairlik. Nəsibə xanım xoşbəxtdir ki, hər iki sahədə özünü təsdiq edib: alim-həkim və şairə. Çox yaxşı haldır ki, həkim şairənin şeirlərinə nəğmələr də bəstələnib. Həmin nəğməli sətirlər də topluda özünə yer tapıb. Mən inanıram ki, hələ şairənin neçə -neçə şeirləri nəğmələşib şöhrət tapacaq.
Şeirlərdə xoşuma gələn bir cəhəti də oxucuların nəzərinə çatdırmağı vacib bildim. Nəsibə Kəngərli dəbə uyub aktual hadisələrə şeirlər yazmayıb, yalnız duyub düşündüklərini yazmaq məramına sadiq qalıb.
Kitaba müəllif belə bir ad seçib: “Mənim könül nəğmələrim”, hansı ki, bu adda olan şeir topluda özünəməxsus yer tutur:
Sabahlara inamımdır,
Ürəkdə olan qanımdır.
Duyğumdur, həyacanımdır,
Mənim könül nəğmələrim.
Və bu toplu da “Yada salarsız” rədifli şeirlə tamamlanır:
Mənim doğmalarım gözəldir Vətən,
Üzünüz görməsin nə duman, nə çən.
Bir neçə şeirimi, kəlmələrimi,
Nəğməli dillərdə yada salarsız.
Nəsibə xanım, hələ çox şeirlər yazacaq, kitablar ərsəyə gətirəcəksiniz. Nəğməli dillər sizi yada salacaq. Çünki siz yadda olacaqsınız.
Həm həkim, həm də qələm adamı, şeirlər müəllifi kimi sizə yeni poetik uğurlar arzulayıram.
Vüqar Əhməd
filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi,
Beynəlxalq Elmlər Akademiyasının akademiki.