Məktəbdəki rüşvətə etiraz etdiyimə görə cəzalandırdılar
Ağdam rayon 1 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Rafiq Aslanov məktəbdəki rüşvətxorluğa etiraz etdiyinə görə cəzalandırıldığını deyir. Oktyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 6 il 6 ay həbs cəzası kəsildi. İddia olunur ki, o, məktəbin direktoru Yeganə Vəliyevanı hədələyib, 25 min manat tələb edib. Pulu alan yerdə də polislər onu və tanışı Namiq Baxşəliyevi tutublar. N.Baxşəliyevə isə 6 il həbs verildi. Onların hər ikisi Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə təqsirli bilinib.
Ancaq R.Aslanov deyir ki, direktor onu şərləyib. Çünki xeyli vaxt idi ki, məktəbdə onun qanunsuz əməllərinə etiraz edirdi.
«Məktəbə yoxlama gələndə adamlar qan ağlayırdı, müəllimlərin 2-3 aylıq maaşından kəsilirdi. Mənim də maaşımdan tutulurdu. Axırıncı dəfə məndən 405 manatlıq maaşımı tam istədi, vermədim, etiraz elədim. Bundan sonra konflikt dərinləşdi...», - R.Aslanov belə deyir.
Onun sözlərinə görə, musiqi məktəbində hansı müəllimlər ki rüşvəti rahat verirlər, səsləri çıxmır, onların şagirdləri də, dərsləri də çox olur. Ona isə «demaqoqluğuna» görə dərs saatı az veriblər.
R.Aslanov məhkəmədə danışıb ki, məktəbdə xeyli adı ştatda gedən, amma özü faktiki işləməyən adamlar var, onların maaşlarını direktor alır.
Səs yazılarının dinlənilməsini xahiş edib
R.Aslanovun sözlərinə görə, məktəbdəki qanunsuzluqlar barədə səs yazıları, müxtəlif müəllimlərin danışıqları da var. O, həmin səs yazılarını istintaqı aparan müstəntiqə də təqdim edib. Məhkəmədə də xahiş edib ki, səs yazılarını dinləsinlər. Amma hakim bunu eləməyib.
Onun başqa bir istəyi isə maaş aldıqları banka sorğu göndərilməsi haqda olub. Deyib ki, əgər oradan cavab alınsa, hər ay müəllimlərin maaşından tutulan pulların hara getdiyi aydınlaşar. Amma Rafiqin bu istəyinə də «yox» deyilib.
«Mən Yeganə Vəliyevanın bu əməlləri barədə çox yerə şikayət etmişdim. Amma tədbir görmədilər. Əvəzində o, məni şərləyib həbs elətdirdi», - R.Aslanov belə deyir.
Y.Vəliyeva 30 ildir ki, musiqi məktəbinə rəhbərlik edir. O, zərərçəkmiş qismində tanınıb. İfadəsində Rafiqin söylədiklərini təkzib edib. Deyib ki, öncə ondan maşınını tələb edib, daha sonra 25 min manat pul: «Gördüm ki, əl çəkmir, polisə şikayət elədim...».
R.Aslanov pul alarkən saxlandığını inkar eləmir. Amma deyir ki, direktordan öz pulunu tələb edirdi: «İllərdir məndən aldığı pulları - əməkhaqqımdan tutulan, bəzən bütövlükdə götürdüyü maaşlarını geri istəmişəm. Demişdi ki, «razıyam, qaytarıram, şikayəti dayandır». Razılaşmışdım».
Musiqi məktəbinin müəllimləri də məhkəmədə təsdiqləyib ki, R.Aslanovla direktor arasında münasibət gərgin idi. Hətta şagirdlərini alıb başqa müəllimə verdiyinə görə Rafiqin direktoru təhqir etdiyini deyənlər də olub. Amma onlar kütləvi pul yığımı barədə deyilənləri təkzib ediblər.
R.Aslanov cavabında deyib ki, müəllimlər hazırda da Y.Vəliyevadan asılı olduqlarına görə düzgün danışmırlar. Əgər səs yazılarına qulaq asılsa, onların yalanı ortaya çıxar: «O səs yazılarında elə bu müəllimlərin özlərinin də maaşların tutulmasından, pul yığımından şikayətləri var. Amma gəlib burada utanmadan yalan danışırlar...».(teref.az)
Ölkəpress.com