olkepress.com
olkepress.com

Qiymət artımı ilə bağlı ETİRAZ BƏYANATI

3-11-2021, 20:07

Qiymət artımı ilə bağlı ETİRAZ BƏYANATI
Azərbaycan Yüksəliş Partiyası qiymət artımları ilə əlaqədar etiraz bəyanatı yayıb.
Bəyanatda bildirilib ki, ölkədə xalqın sosial-iqtisadi vəziyyətini ağırlaşdıran, müxtəlif əhali qruplarının getdikcə daha çox müflisləşməsinə səbəb olan qərarların ardı-arası kəsilmir: “Ümumiyyətlə, Milli Məclisdə qiymət artımıyla bağlı müzakirələr göstərir ki, deputat statusu daşıyan şəxslərin xeyli hissəsi dünyada və ölkədə baş verən iqtisadi dəyişikliklər barədə hər hansı təsəvvürə malik deyillər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklər, konkret desək, dövlət rüsumlarının artırılması ideyası xalq arasında və cəmiyyətdə soyuq duş effekti yaradıb. Qazın, elektrikin, yanacağın qiymətlərinin qaldırılması azmış kimi, üstəlik son iki ildə bütün mal (məhsul) qrupları üzrə bahalaşmanın yüksələn xətlə ölkə boyu tüğyan etməsi fonunda, bir də yaşam şərtlərinin çox ağır olduğu indiki vaxtda dövlətin müstəsna xidmətlərinə aid olan işlərə görə rüsumların qiymətlərinin artırılması təklifini irəli sürmək, həm siyasi hakimiyyətdə təmsil olunanların, həm də parlamentarilərin ölkə əhalisinə münasibətdə realllıq hissini itirməsi anlamına gəlir.

Sənədlərin çapı ilə bağlı maya dəyərində dəyişikliklər olubsa, müvafiq strukturlar bunu izah etməli və həmin sənədlərin neçəyə başa gəldiyi ilə bağlı cəmiyyətə məlumat verməlidirlər.
Nəzərdə tutulan dəyişikliyə əsasən, Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsinin və xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və korlanması ilə əlaqədar yenidən verilməsinə görə rüsumun qiyməti qaldırılır. Bu halda, sənədlər bütün kriteriyalar üzrə 10 AZN artırılır”.

Bildirilib ki, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinə əsasən isə 2022-ci il üçün yaşayış minimumu 205 manat məbləğində proqnozlaşdırılır, bu da 2021-ci illə müqayisədə 9 manat çoxdur.
2021-ci ildə yaşayış minimumu 196 manat olub. Yəni vətəndaş artırılan 9 manatın üstünə 1 manat da qoyub, şəxsiyyət vəsiqəsi üçün ödəməlidir.

“Təbii ki, hər hansı sahədə rüsumların artırılması vətəndaşlar tərəfindən heç də xoş qarşılana bilməz. Çünki nəticə etibarilə vətəndaş cibindən artıq ödəmələr etməli olacaq.

Hesablamalara görə, ümumilikdə 226 adda dövlət rüsumlarının qaldırılması əhaliyə gələn il üçün əlavə olaraq təqribən 194 milyon manat xərc yaradacaq. Təsəvvür edin ki, 2021-ci ilin büdcəsində dövlət rüsumlarından daxilolmaların məbləği 170 milyon manat proqnozlaşdırılmışdısa, gələn il rüsumların qiymətlərinin artırılması sayəsində dövlət büdcəsinə sözügedən mənbədən 364 milyon manata yaxın vəsaitin cəlb olunması nəzərdə tutulur. Bu isə o deməkdir ki, əhalinin əksər hissəsinin xərcləri lüzumsuz olaraq əhəmiyyətli dərəcədə artacaq. Bahalaşmaya ciddi mənada təsir edəcək daha başqa bir artım yerli məhsulların aksiz dəyəridir. Bu artımdan sonra gözlənilir ki, gələn ildən içməli spirt, pivə və spirtli içkilərin bütün növlərinin, tütün məmulatlarının, energetik içkilərin, elektron siqaretlərin qiyməti də kəskin şəkildə bahalaşacaq. Hesablamalara görə, sözügedən mənbədən əlavə istehlak xərci 208 milyon manata yaxın təşkil edəcək. Göründüyü kimi, sanki fəaliyyətini xalqın olan-qalan son qəpiyini də cibindən çıxarıb, onu daha kasıb və müflis duruma salmağa hesablanan bu son qərarlar fonunda, əhalinin əlavə məsrəfləri aksiz və rüsumların artması səbəbindən 400 milyon manatı ötəcək.

Ən acınacaqlısı isə budur ki, lüzumsuz qiymət artımlarından əhalinin üzərinə düşən xərc rəqəmlərinin yarım milyard proqnozlaşdırıldığı növbəti il üçün, sosial müdafiə və təminat xərcləri bu ilə nisbətən 127 milyon manat az proqnozlaşdırılır.

Azərbaycan Yüksəliş Partiyası hesab edir ki, dövlət rüsumlarının əsaslandırılmış izahatı verilmədən kütləvi və yüksək qiymət artımları ilə bağlı dəyişikliklər kökündən yanlış, zərərlidir və bu, son iki ildə qlobal pandemiyanın da yaratdığı ağır sosial şərtlər fonunda, əmək haqları, müavinətləri xeyli müddətdir, artmayan əhalinin növbəti dəfə cibinə girmək və onları daha da pis duruma salmaq xətti tutulub. Məsələ burasındadır ki, gerçəkdən də, əgər hansısa bir qlobal yaxud regional iqtisadi dəyişikliklər sayəsində bahalaşma olubsa və rüsumların artırılmasına ciddi lüzum yaranıbsa, o zaman bunu normal qarşılamaq olar. Yox əgər xidmətlərə görə alınan rüsumların maya dəyərində heç bir dəyişiklik yoxdursa, həmin qurumlar yalnız öz gəlirlərini artırmaq və xərclərini ödəmək üçün əlavə mənbələr xatirinə rüsumların artırılmasını təklif edirlərsə, təbii ki, bunu doğru yanaşma hesab etmək heç cür mümkün deyil.

Elə ona görə də müvafiq icra strukturları əhali arasında, eyni zamanda cəmiyyətdə ciddi çaşqınlıq və anlaşılmazlıq yaradan bu layihələrin mahiyyəti, onların qəbul olunma səbəbi ilə bağlı izahedici açıqlamalar verməlidirlər.
Xəbərdarlıq edirik ki, onsuz da yüksək inflyasiya şəraitində artan xətlə gedən bahalaşmanın ardından, dövlət rüsumlarının qiymətində nəzərdə tutulan artımlar, paralel olaraq, bir sıra ərzaq məhsullarının, kütləvi istifadə olunan digər malların qiymətini, eləcə də xidmətlərin dəyərinin artmasına da səbəb yaradacaq. Bütün bunlar hər bir vətəndaşınn gündəlik yaşamında sosial planda kəskin formada təzahür edəcəyindən məlum dəyişikliklərə hər kəsin etiraz etməsi çox vacibdir. Xalqımız siyasi proseslərə qarışmayanadək, siyasi cəhətdən aktiv olmayanadək hökumətin oxşar qiymət artımları ilə qarşılaşmaqda davam edəcəyik. Büdcədən əsassız qidalanmalara, dövlət sektorundakı havayı maaşlara, yalançı pensiyalara, əziyyətsiz prezident təqaüdlərinə, ucuz kommunal, ucuz marşrut, ucuz çorək və üstəlik “mən siyasətə qarışmıram” yanaşmasına son verməyin tam zamanıdır.

Bütün bu söylənənlərə əlavə olaraq, AY Partiyası hökuməti və Milli Məclisi xalqa münasibətdə daha məsuliyyətli olmağa çağırmaqla yanaşı, tələb edir ki, bu sahədə şəffaflıq maksimum həddə təmin edilsin, rüsumu qaldırılması təkif olunan xidmətlərin maya dəyərinin tərkibinə daxil edilən xərc elementləri barədə cəmiyyət qane olacaq səviyyədə məlumatlandırılsın və mümkün olduğu qədər dəyişikliklərlə bağlı layihələrə həssas yanaşılsın.

Əks halda, bütün parametrlər üzrə çökməkdə olan ölkə iqtisadiyyatı, durmadan artan bahalaşma və getdikcə çətinləşən yaşamaq, ayaqda qalmaq şərtləri fonunda, əhali arasında məişət problemlərinin dərinləşəcəyi, ciddi sosial narazılıqların baş qaldıracağı, arzulanmayan oğurluq-kriminal hallarının artacağı və hətta bütün bunların sosial partlayışla nəticələnə biləcəyi ehtimalları yüksəkdir.

Belə düşünmək üçün isə kifayət qədər əsasımız var. Son qiymət artımlarına olan reakiyalar, həmişəki kimi daha çox qəzəb, ironiya və etirazdan ibarət oldu.

Ölkə iqtisadiyyatı ağır durumdadır, vəziyyətə rasional müdaxilə alətləri, resursları tükənməkdədir. Təbii, burada təkcə hökumətin səriştəsizliyi yox, həm də qlobal dəyişikliklərin də rol oynadığı ifadə edilməlidir. Ancaq bununla belə baş verənlərdə ölkəni təkbaşına idarə edən siyasi hakimiyyətin məsuliyyəti daha çoxdur.
Hökumətə bir neçə sual...
1. Kommunal tariflərin bahalaşmasının elmi cəhətdən əsaslandırılması varmı?

2. Bir çox dövlət şirkətinin uzun illər səmərəsiz, qeyri-şəffaf, dövlət büdcəsinə ballast kimi fəaliyyəti, həmçinin onların reallıqlardan uzaqlaşması nəticəsində dövlətin yaratmış olduğu İnvestisiya Holdinqi bu problemləri aradan qaldırmaq məqsədi daşıyırdı. 07 avqust 2020-ci il tarixdə yaranmış İnvestisiya Holdinqinin əsas məqsədi dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin vahid prinsiplər əsasında idarə olunması, onların fəaliyyətini təkmilləşdirərək işlərində şəffaflığın və iqtisadi səmərənin yüksəldilməsi, rəqabət qabiliyyətinin artırılması, maliyyə durumu və dayanıqlılığının yaxşılaşdırılması idi. Sənəddə qeyd olunan ifadələrin hansı həyata keçirilib?

1) Bu qurumlarda struktur dəyişikliyi baş vermədi.
2) Həmin qurumlarda bahalaşma baş verdi.
3) Onlarda tariflərin artması fonunda xidmət keyfiyyəti (məhsul keyfiyyəti) müşahidə olunmadı.
4) 2021-ci ilin Dövlət Büdcəsində İnvestisiya Holdinqinin fəaliyyəti nəticəsində nə qədər vəsaitə qənaət edildiyini statistikası mövcud deyil.

İnvestisiya Holdinqi layihəsinin müəllifi İqtisadiyyat Nazirliyinə sual:
- İcra mexanizmi olmayan layihəni icra orqanı kimi gündəmə gətirməklə nə əldə etmək olar və dövlət hazırda nə əldə edib?
Təkcə İnvestiyiya Holdinqi yox, ümumiyyətlə, son bir neçə ildə struktur dəyişiklikləri ilə bağlı islahatlar adı altında bir sıra qurumların ləğv edilməsi, əvəzində yenilərinin yaradılması ölkənin ağır sosial-iqtisadi problemlərinin həllində onlara bəslənən ümidləri doğrultmadı.

Bildiririk ki, qiymət artımının qarşısını almaq üçün maaş və pensiya artımları vəziyyəti kökündən dəyişmək gücündə deyil və ola da bilməz. Təkrar etdiyimiz kimi, problem qiymət artımından daha çox, əhalinin pul gəlirlərinin kəskin azalmasında və iqtisadiyyatın staqnasiyasındadır.

Azərbaycan Yüksəliş Partiyası son qiymət artımından narahatlığını ifadə edərək, kəskin etirazını bildirir, bəyan edir ki, qiymət artımı sosial vəziyyəti onsuz da ağır olan vətəndaşların durumunun daha da çətinləşməsinə gətirib çıxaracaq” , - bəyanatda qeyd olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi