Rusiya prezidenti Vladimir Putin aprelin 27-də videobağlantı vasitəsilə "Akkuyu" atom elektrik stansiyasına (AES) nüvə yanacağının çatdırılması mərasimində iştirak edəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan TRT telekanalının efirində bildirib.
"Aprelin 27-də "Akkuyu" AES-ə nüvə yanacağının təhvil verilməsi mərasimi keçiriləcək. Yanacağın çatdırılmasından sonra bu obyekt nüvə obyekti statusu alacaq. Mərasimdə Rusiya prezidenti Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edəcək, - deyə Türkiyə Prezidenti bildirib.
Ərdoğan xatırladıb ki, dörd reaktorun hamısının işə salınması ilə "Akkuyu" ölkənin ümumi elektrik enerjisinə ehtiyacının 10%-ni təmin edə biləcək. “İlk olaraq biz ilk reaktoru işə salacağıq. Sonra müəyyən intervalla qalan reaktorları bir-bir təqdim edəcəyik”, - dövlət başçısı deyib.
Türkiyə lideri onu da qeyd edib ki, "Akkuyu" AES-in istifadəyə verilməsi sayəsində Türkiyə elektrik enerjisi istehsalı üçün istifadə olunan təbii qazın idxalının həcmini azalda, Qara dənizdə hasil edilən qazı satışa göndərə biləcək. Beləliklə, "Akkuyu", Ərdoğanın fikrincə, ölkə iqtisadiyyatına əlavə olaraq 6,5 milyard dollar daxil olmağa imkan verəcək.
Respublikada ikinci Atom Elektrik Stansiyasının tikilməsi planlarına gəlincə, Ərdoğan ÇXR və Cənubi Koreya ilə danışıqlar aparıldığını, müqavilələr hazırlandıqca əlavə addımların atılacağını bildirib. Eyni zamanda, o qeyd edib ki, Rusiya tərəfindən “Akkuyu” AES-in tikintisi sayəsində Türkiyə çoxlu sayda öz mütəxəssisini işə alıb.
“Bu atom elektrik stansiyası yüzlərlə gəncimizin mütəxəssis kimi yetişməsinə və işlə təmin olunmasına səbəb olacaq",- deyə Ərdoğan bildirib.
"Akkuyu" Türkiyədə tikilən ilk atom elektrik stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir. O, Rusiya istehsalı olan 3+ nəsil "VVER" reaktorları ilə dörd enerji blokunun tikintisini nəzərdə tutur. AES-in hər bir enerji blokunun gücü 1200 MVt olacaq. "Akkuyu" istismara verildikdən və tam gücü ilə işə salındıqdan sonra ildə təxminən 35 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edəcək. Stansiyanı Rusiyada praktiki və nəzəri təhsili başa vurmuş və almaqda davam edən çoxlu sayda yerli mütəxəssislər idarə edəcək.