olkepress.com
olkepress.com

Əliyev-Ərdoğan görüşü: Türkiyəni qəbul etməyənlərə cavab və Ermənistanın ifşası - TƏHLİL

27-10-2021, 15:35

Əliyev-Ərdoğan görüşü: Türkiyəni qəbul etməyənlərə cavab və Ermənistanın ifşası - TƏHLİL

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana ötən gün baş tutan səfəri növbəti dəfə bütün dünya üçün önəmli mesajlar ehtiva edir. İstər Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə liderini Füzuli hava limanının açılışına dəvət etməsi, istərsə də Ərdoğanın bu dəvəti məmnuniyyətlə qəbul edib Azərbaycana təşrif etməsi dövlətlərarası münasibətlərdə artıq uzun illərdir formalaşmış birlik və bərabərliyin əyani təzahürü kimi qarşımıza çıxır.

Verilən mesaj isə sadədir, Azərbaycan Qarabağın işğaldan azad edilməsi mərhələsində Türkiyənin siyasi və mənəvi dəstəyini daim yüksək səviyyədə qiymətləndirir, Türkiyə buna qədər olduğu kimi, Qarabağın yenidən qurulması prosesində də Azərbaycan əsas müttəfiqdir. Birliyimiz sarsılmazdır və hər iki dövlət bu birliyin əbədi olması üçün əlindən gələni əsirgəmir.

Üstəlik, burada xüsusi xətt təşkil edən daha bir məqam ön plana çıxır. Sözügedən məqam Türkiyənin Cənubi Qafqazda artan nüfuzunu qəbul etməyənlərə bir cavab xarakteri daşıyır.

Haqlı olaraq göstərilir ki, Türkiyə-Azərbaycan münasibətləri regionda inkişafa təkan verən ən vacib element kimi ortaya çıxır. Bu birliyin, qardaşlığın inkişafı regionda sülhün bərqərar olmasına töhfə verir, təhlükəsizliyin təmin olunmasına zəmin yaradır, böyük quruculuq və tərəqqi yolunun konturlarını cızır.

Liderlərin daha bir vacib mesajı da regionda davamlı sülh və sabitlikdə maraqlı olmayan qüvvələrə ünvanlanıb. Sirr deyil ki, Azərbaycana və Türkiyəyə qarşı dünyada bir çox hallarda ikili standartlar tətbiq edilir. Türkiyənin dünyadakı bərabərsizliyə qarşı mübarizəsi, Azərbaycanın haqq səsi, ədalətli mövqeyi uzun illər ərzində görməzdən gəlinib.

Dünyanın bu qərəzli yanaşması və ikili standartları İkinci Qarabağ müharibəsi zamanı da açıq şəkildə ortaya çıxıb. İşğala göz yumub, işğalçıya illərlə “gizli” dəstək verənlər, hətta işğala son qoyan 44 günlük müharibə zamanı da bir çox hallarda təcavüzkarın maraqlarını üstün tutub. Bu azmış kimi, hətta Vətən müharibəsi günlərində ilk saatlardan ölkəmizə siyasi və mənəvi dəstək nümayiş etdirən Türkiyənin ədalətli mövqeyini ləkələmək üçün onu Azərbaycana hərbi dəstəkdə də ittiham edənlər tapılıb. Ancaq Azərbaycan və Türkiyə bu əsassız çıxışlara məhəl qoymayaraq, çiyin-çiyinə öz mübarizələrini davam etdirərək, ədaləti təmin etməyə nail olublar.

Odur ki, Əliyev və Ərdoğanın Füzuli və Zəngilanın yenidən qurulması prosesində ötən gün nümayiş etdirdikləri səmimi görüntülər bütün dünya üçün bu ikili standart və qərəzli yanaşmanın sözün əsl mənasında ifşası idi. “Gizli” dəstək olduqları təcavüzkarın Qarabağda törətdiyi dağıdıcı fəaliyyətə Azərbaycan və Türkiyə ən sivil yolla, yenidənqurma, inkişaf və tərəqqi ilə cavab verdi. Azərbaycanı müharibədə, Türkiyəni regiona müdaxilədə ittiham edənlər Ankara-Bakı əməkdaşlığının yönəldiyi ali missiyanın dinc həyat, sülh və inkişaf olduğunu bir daha gördü. Üstəlik, bu missiya hər zaman “məzlum” rolunu oynamağa çalışan və bununla özünə dəstək toplayan Ermənistanın viran qoyduğu torpaqlarda aparılır. Bununla ortaya çıxan mesaj isə qətidir: “məzlum” kimi qələmə verilərək himayə olunan Ermənistanın fəaliyyəti regiona yalnız zərər vurub, daim təzyiq göstərilməyə çalışılan Azərbaycan-Türkiyə birliyi, qardaşlığı isə Cənubi Qafqazın gələcəyini birgə inşa etməyə qadirdir.

Azərbaycan-Türkiyə birliyi bütün dünya üçün nümunəvi xarakter daşıyır. Dostluq, qardaşlıq münasibətləri möhkəm əsaslarla qurulduqda, bəşəriyyətin, regionun və ən əsası xalqların inkişafına töhfə verdikdə, hər zaman öz ədalət prinsiplərinə sadiq qaldıqda məhz Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsinə çata bilir.

Azərbaycan və Türkiyə bu gün hətta nümunə təşkil edən bu münasibətlərin belə daha da inkişafında maraqlıdır. Bu məsələdə isə Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın dostluğu, liderlik fenomeni ön plana çıxır. Hər iki lider yorulmadan bu misilsiz birliyin öz xalqlarının və bütünlükdə dünyanın gələcəyinə töhfə verməsi üçün yorulmadan fəaliyyət göstərir.

Bu istiqamətdə hazırda prioritet təşkil edən məsələ Zəngəzur dəhlizidir. Hansı ki, ötən gün dövlət başçıları tərəfindən bu inkişaf və tərəqqi dəhlizinin də təməli atıldı. Bu addımla Azərbaycan və Türkiyə regionda inkişafın hərəkətverici qüvvəsi olduğunu bir daha ortaya qoydu. Regionun digər dövlətləri üçün də geniş fürsətlər yaradacaq bu addımla Bakı və Ankara bölgəmizdə kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində nə dərəcədə əhəmiyyətli missiyanı icra etdiklərini nümayiş etdirdilər.

Liderlərin Füzuli və Zəngilandan bütün dünyaya verdiyi bu mesajlar Azərbaycan-Türkiyə birliyinin əsl mahiyyətini və potensialını tam şəkildə ortaya qoydu. Liderlər bir daha bəyan etdilər ki, Azərbaycan və Türkiyə birliyi regionda sülhün əsas qarantı, inkişaf və tərəqqinin, gələcəyin əsas qurucuları, bu prosesin bayraqdarlarıdır!

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2021    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi