olkepress.com
olkepress.com

"Sosial şəbəkələri tənzimləmək çox çətin, bəlkə də, mümkünsüzdür"

23-06-2021, 10:59

"Sosial şəbəkələri tənzimləmək çox çətin, bəlkə də, mümkünsüzdür"

Kütləvi İnformasiya Vasitələrinin cəmiyyətə təsiri məlumdur. Media baş verən ictimai-siyasi proseslərin fəal iştirakçısı olmaqla bir çox hallarda həm də hadisələrin inkişafına təsir edir. Auditoriya bəzən bunun fərqində olmasa da, təqdim edilən informasiyalar bu və ya digər formada ictimai şüuru formalaşdırır, beyinlərə “toxumlar səpir”. Əlbəttə, bu işdə televiziyaların da xüsusi rolu var. KİV-in bu qolunun qəzet və radiodan fərqli olaraq ifadə vasitələri daha çoxdur. Bu isə onun öz funksiyalarını daha uğurlu yerinə yetirməsinə imkan verir. “Danışan qutu”nun populyarlığı da məhz bununla bağlıdır: insanlar informasiyanı daha rahat qavramaq istəyirlər. Gələcəkdə hansısa yeni bir kəşfin televiziyanı “kölgədə qoyub-qoymayacağı” dəqiq deyil. Hər halda televiziya hazırda “internet” adlanan fenomenlə mübarizə aparmağı bacarır. Bəs, Azərbaycanda televiziyanın mövcud durumu necədir? Ayrı-ayrı kanallar, həqiqətən, öz işlərinin öhdəsindən layiqincə gələ bilirlərmi?

Mütəxəssislərin bu suallara cavabları fərqlidir. Odur ki, informasiyanın cəmiyyət həyatındakı yeri və televiziyaların bu işdəki rolu ilə bağlı BDU-nun Jurnalistika fakültəsinin müəllimi, ATV+ televiziya operatorunun bədii rəhbəri Nəmənd Rüstəmovla söhbətləşdik.

- Yerli televiziyaların ictimai rəyə təsir imkanlarını necə qiymətləndirirsiniz?

- Azərbaycan kiçik dövlətdir. Əhalinin böyük əksəriyyəti Bakı və Abşeron yarımadasında cəmləşsə də, region televiziyaları da nüfuzunu saxlaya bilir. Guya, çoxlarının baxmadığı verilişlər bölgələrdə maraqla, sevgi ilə qarşılanır. Zaur Baxşəliyevin, Xoşqədəm Hidayətqızının, Elgizin populyar olması bununla bağlıdır. Həmin maraq olduğu müddətcə televiziya aktuallığını qoruyacaq, kanallar ictimai rəyə təsir imkanlarını saxlayacaq. Amma hələlik. İnternetin gəlişi ilə yaxın gələcəkdə bütün dünyada olduğu kimi, Azərbaycanda da televiziyaların fəlsəfəsi dəyişəcək.

- İnsan həmişə acdır. Hər şeyə, o cümlədən də informasiyaya daha çox tələbat hiss edir. Və unutmayaq ki, XXI əsr yalqızlıq əsridir. İnsanlar eqoistləşirlər. Nə qədər gizlətməyə çalışsaq da, bu, belədir. Nəticədə real adamlar həm də peşəkar aktyora çevrilirlər. İnsan mahiyyət etibari ilə nə qədər realistdirsə, bir o qədər romantikdir. Hər birimiz ucsuz-bucaqsız ümid kisəsiyik. İnsandan ümidi çıxarsan, nəsə qalmaz. Təsəvvür edin, hər kəs nə vaxtsa öləcəyini bilir, amma ölməyəcəkmiş kimi yaşayır. Özü də sevə-sevə. Deməli, insanlar həmişə daha çox informasiya istəyirlər. Bu, təbiidir. Gizlinləri bilmək həvəsi isə hər kəsə tanışdır. Deməli, müasir media sistemində deyilməyənləri deyənlər, göstərilməyənləri göstərənlər uğur qazanırlar. İnsanın xisləti belə qaldıqca televiziyaya maraq itməyəcək. Əksinə, o, öz sosial kimliyini doğruldacaq. Hətta nə vaxtsa yayım formatı dəyişsə belə.

- Deməli, jurnalistika bütün dövrlərin peşəsidir və bizə gələcəkdə də tələbat olacaq?

- Elə sahələr var ki, zaman-zaman köhnəlirlər. Bəziləri jurnalistikanın gələcəyi ilə bağlı bədbin proqnozlar səsləndirirlər. Amma mən buna inanmıram. Çünki əslində hər kəsin daxilində bir jurnalist var. Bayaq dediyim kimi, biz nə qədər realistiksə, bir o qədər də romantikik. Hər birimiz hekayə dinləməyi və yazmağı sevirik. Deməli, yeniliklər hər birimiz üçün maraqlıdır. Bu mənada jurnalistikanın gələcəyi ilə bağlı nikbinəm.

- Televiziya kanallarındakı ixtisaslaşmalar lazımi effekti verir?

- Azərbaycanda iki idman, iki xəbər, bir musiqi, bir mədəniyyət və bir uşaq kanalı var. Həmçinin bu yaxınlarda MTRŞ maarifləndirici bir kanalın açılması barədə müsabiqə elan etdi. Məsələ ondan ibarətdir ki, nə qədər insan varsa, o qədər də maraq var. Məqsəd isə həmin maraqları sistemləşdirmək, qruplaşdırmaq və lazım gələndə idarə etməkdir.

- Niyə belə düşünürsünüz?

- Dünya çox balacadır. Planetin istənilən yerində baş verən hadisə bizim üçün maraqlı olmalıdır. Bunu son vaxtlar daha yaxşı gördük. Məsələn, Hindistan ştammının Rusiyada sürətlə yayılması bunu sübut edir. COVİD-19 pandemiyasının tüğyan etməsi fonunda ən demokratik hüquqlarımız məhdudlaşdırıldı. İnsanları inandırdılar ki, küçəyə çıxmamaq, əllə görüşməmək və s. bizim xeyrimizədir. Və bu işdə KİV-dən məharətlə istifadə olundu. Ümumiyyətlə, dünyanın nizamı dəyişir.

- Televiziyaların reklam bazarında vəziyyət necədir?

- Televiziyalar böyük maliyyə kapitalının dövr etdiyi sistemdir. Ən böyük reklam pulları məhz televiziyadadır. ABŞ-da otuz saniyəlik reklamın qiyməti 2 milyon dollardır. Bizdə isə bir dəqiqəlik reklamın qiyməti təxminən bir milyondur. Bu, bir verilişin gün ərzində 4-5 milyonluq reklam gətirməsi deməkdir. Ancaq MTRŞ-nin hesabatlarında göstərilir ki, son illərdə reklam büdcəsi 35 milyon manatı, yəni 20 milyon dolları keçmir. Azərbaycan teleməkanında 10-dan artıq kanalın olduğunu nəzərə alsaq, onların hər birinin illik reklam gəlirləri o qədər də çox deyil. Halbuki, bir ildə sosial şəbəkədən 200 milyon avro qazanan dünya ulduzları var. Onların hər birinin illik reklam gəliri Azərbaycan teleməkanının reklam gəlirindən dəfələrlə çoxdur.

- Niyə belədir?

- Gəlin, əvvəl bir misal deyim: Bir müddət əvvəl məşhur dünya ulduzu Kristiano Ronaldu mətbuat konfransında UEFA-nın rəsmi sponsoru olan “Koca-kola”nı qırağa çəkdi və insanları su içməyə çağırdı. BBC mətbuat konfransından canlı reportaj verirdi. Həmin kadrlar sosial şəbəkələrdə ildırım sürəti ilə yayıldı. Nəticədə həmin gün şirkətin səhmləri 4 milyard dollar azaldı. Bu, medianın, o cümlədən sosial şəbəkələrin necə ciddi təsir gücünə malik olmasından xəbər verir. İkinci bir tərəfdən, insanlar ulduzlara bənzəmək istəyirlər. İlk baxışdan belə görünür ki, baş verən sosial-siyasi deformasiyalar dünyanı idarəolunmaz hala gətirir. Əslində isə xaos idarə olunur. Şübhəsiz, proseslərin arxasında “gizli əllər” var və biz baş verənlərin nəticəsini xeyli sonra görəcəyik. Dünyada baş verənlər hansısa “böyük oyun”un “kiçik məşqləridir”. Və KİV, xüsusilə internetlə televiziya həmin proseslərin iştirakçısıdır. Sosial şəbəkələrdən istifadə meyillərinin güclənməsi, o cümlədən pandemiya ilə bağlı olaraq distant tədris prosesinin kütləviləşməsi bunu təsdiqləyir.

- Bəs, ölkədə reklam bazarını inkişaf etdirmək üçün nə etməliyik?

- Əlbəttə, iqtisadiyyat inkişaf etməlidir. Tələb və təklif arasında düz mütənasib əlaqəni nəzərə alsaq, əvvəl istehsal yüksək səviyyədə olmalıdır ki, reklam bazarından ağızdolusu danışa bilək. Amma daha vacib məsələ var.

- Nədir?

- Biz ənənəvi istehsaldan əldə etdiyimiz gəlir hesabına məişət avadanlıqları alırıq. Cəmi 300 qramlıq telefon min manata təklif olunur. Bir ton pomidorun qiyməti isə 200-300 manatdır. Deməli, üç yüz qramlıq bir telefon üç ton pomidorla eyni qiymətədir. Niyə? Çünki telefona əlavə dəyər-intellekt qatılır. Bax, məhz buna görə indi informasiya ilə işləmək daha asandır. Smartfonu olan, informasiyanı almağı, yaymağı, emalını bacaran istənilən şəxs ən yaxşı reportyor ola bilər. Bu gün insanlar, az qala, hər anlarını paylaşırlar. Beləliklə, saysız-hesabsız informasiya axını meydana gəlir və “informasiya çirkliliyi” yaranır.

- Bəs bununla necə mübarizə aparmalıyıq?

- Dediyim kimi, gün ərzində ən müxtəlif mənbələrdən minlərlə informasiya qəbul edirik. Bəzisinin heç fərqində olmuruq. Məsələn, adi “Nə var, nə yox” sualına aldığımız cavab özü informasiyadır. Şübhəsiz ki, informasiya bolluğu insanı səhv istiqamətə yönləndirə bilir. Deməli, ayıq-sayıq olmaq lazımdır. Bunun üçün xüsusi təlimlər keçirilir. İkinci bir tərəfdən, televiziya ilə bağlı qanun müəyyən mənada bu KİV-in “əl-qolunu bağlayır”. Amma sosial şəbəkələri tənzimləmək çox çətin, bəlkə də, mümkünsüzdür. “Dirijor”un kim olduğu bilinməsə də, dünya dəyişir. Biz baş verənlərdən ən yaxşı halda minimum ziyanla çıxa bilərik. Yeni reallıqlarla uyğunlaşmaq lazımdır.

- Necə düşünürsünüz, texnoloji imkanların bu qədər artması fonunda vətəndaş jurnalistikası ilə peşəkar jurnalistikanın mübarizəsi gələcək üçün nələr vəd edir?

- Bu barədə çox müzakirə aparırlar. Vətəndaş jurnalistikasından fərqli olaraq, ənənəvi jurnalistikanın meyarları, prinsipləri, etik kodeksləri var. İxtisasca jurnalist olanlar digərlərindən aydın fərqlənirlər. Bu, özünü ən azından prinsiplərə, etik kodekslərə sadiqliyində göstərir. İxtisasca jurnalist olanlar bəzən həqiqəti deyə bilməsələr də, heç olmasa, insanlığı qorumağa çalışırlar. Mediaya kənardan gələnlər üçünsə müqəddəs nəsə yoxdur. Onların hədəfi bir çox hallarda ləkələmək olar. Əlbəttə, ixtisasca jurnalist olanların arasında da bunu edənlər var. Amma fikrimcə, bütün hallarda ənənəvi jurnalistikanı qorumağa çalışmalıyıq.

- Niyə belə düşünürsünüz?

- İnformasiya çox həssas və təhlükəli məfhumdur. Hələ illər əvvəl çəkilən “Old boy” filmində idarəolunan informasiyanın insanı hansı hala sala biləcəyi göstərilmişdi. Bayaq dediyim “Coca-cola” misalında olduğu kimi, informasiyanın sosial şəbəkələrdə sürətlə tirajlanaraq hansı xaosu yarada bilməsi artıq hər kəsə məlumdur. Dünya əhalisinin 5-6 milyardının bir gündə eyni yanlış informasiyanı təkrarlaması nəticəsində nələr ola biləcəyini özünüz təsəvvür edin... Bax, bunu anlayanlar ənənəvi jurnalistikanı qorumağa çalışmalıdırlar. Hərçənd, prosesin asan başa gələcəyinə inanmıram. Əksinə, çox çətin olacaq.

- Bildirdiniz ki, jurnalistlər bəzən həqiqəti söyləyə bilmirlər. Nə üçün?

- Müxtəlif səbəbləri var. Əsas məqamlardan biri də etik normalarla bağlıdır. Həkimlər adətən xəstələrə onun öləcəyini deyə bilmirlər. Bunun əvəzinə, ürək-dirək verir, hər şeyin yaxşı olduğunu bildirirlər. Jurnalistlər də bir çox hallarda oxşar situasiya ilə qarşılaşırlar.

- İnformasiya gündəlik həyatımızda hansı rolu oynayır?

- Sadəcə onu deyim ki, informasiyasız qalmağı bacarırıq. Dünyada nələri dəyişə biləcəyimizi bilməsək də, baş verənlərdən xəbərdar olmaq istəyirik. Bu mənada mən gəncliyə ümidlə baxıram. Düzdür, nöqsanlar, əvvəlki dövrün mental xüsusiyyətləri ilə üst-üstə düşməyən məqamlar var. Amma təcrid olunsaq, inkişafdan, elmi-texniki tərəqqinin imkanlarından geri qalacağıq. Odur ki, müqavimət göstərə-göstərə adaptasiya olunmalıyıq.

- Region televiziyaları ilə bağlı nə deyə bilərsiniz?

- Əvvəla, onu deyim ki, sovet dövründə Azərbaycan teleməkanı mahiyyət etibarı ilə region televiziyası rolunu oynayıb. İndi də Azərbaycan kanalları dünya teleməkanının çox kiçik bir hissəsidir. Bu mənada region televiziyalarının üstünə çox düşmək olmaz. “Lider” kimi ümumrespublika səviyyəli kanal bağlandısa, deməli, güclü olmaq lazımdır. Kanallar, o cümlədən region kanalları təbii seçim əsasında formalaşmalı, auditoriyanın tələbatını ödəməlidir. Məsələ ondan ibarətdir ki, böyük ümidlərlə yaranan televiziyalar sonradan bu və ya digər səbəbdən bağlanırlar. Deməli, “cəngəllik qaydasına” uyğun davranmaq, çox çalışmaq, mübarizə aparmaq lazımdır. Region televiziyaları informasiya zəncirindəki ilkin halqa rolunu oynayır. Onların mahiyyəti region əhalisinin maraqlarına cavab verməkdir. Ən ciddi problem maliyyə ilə bağlıdır. Ümumiyyətlə, uğurlu televiziyanın ilkin şərti müasir standartlara cavab verən texniki avadanlıqlardır. Bu isə böyük xərc tələb edir. Ölkəmizdə televiziyalar rentabelli olmadığına görə onlara lazımi qədər maliyyə ayırmaq kimsəyə maraqlı deyil.

- Niyə bizim telekanallar rentabelsizdir?

- Əvvəla, onu deyim ki, toplumun maraqlarını idarə etmək lazımdır. Diqqət edirsinizsə, uşaq və yeniyetmələrimizin böyük əksəriyyəti Osmanlı türkcəsində danışırlar. Çünki türk kanallarında istədiklərini, o cümlədən maraqlandıqları cizgi filmlərini tapır və izləyirlər. Rus və ingilis dilini bilənlər də öz növbələrində həmin kanalları izləyirlər. Beləliklə, yerdə qalan kəsim Azərbaycan televiziyalarına baxır. Və xarici kanalları izləyənlər təsadüfən Azərbaycan televiziyalarına baxanda bu, onlara maraqsız, darıxdırıcı gəlir. Çünki daha yaxşısını, keyfiyyətlisini görüblər.

- Son vaxtlar televiziyalarda belə bir tendensiya müşahidə olunur: aktyorlar və aktrisalar aparıcılıqla məşğul olurlar. Buna münasibətiniz necədir?

- Əslində bu, bilavasitə sosial tələbatla bağlıdır. Tamaşaçılar kim məşhurdursa, onu izləyirlər. Məsələ ondan ibarətdir ki, ən gözlənilməz yollarla reytinq yaratmaq, ən primitiv üsullarla məşhurlaşmaq mümkündür. Belə onlarca ad çəkmək olar. Kimsə onları bəyənmir, lakin hər kəs izləyir. Bəziləri “bazara” çıxmaq üçün külli miqdarda pul xərcləyirlər, bəziləri isə ən ağlagəlməz hərəkətlə “partlayırlar”. Bəzən qəbul etməsək də, reallıq budur.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Temmuz 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi