olkepress.com
olkepress.com

İlham Əliyev “Laçın düyünü”nü açır: Ermənistana vaxt qoyulur – ŞƏRH

13-01-2022, 11:21

İlham Əliyev “Laçın düyünü”nü açır: Ermənistana vaxt qoyulur – ŞƏRH

Laçın dəhlizinə Rusiya sülhməramlı kontingenti dislokasiya edilsə də, bura Azərbaycan tərəfi nəzarət edir.

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bu barədə danışarkən deyib ki, Laçın dəhlizi Azərbaycanın nəzarəti altındadır. “Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”, - deyə İlham Əliyev əlavə edib.
Prezidentin bu açıqlamasından çıxan nəticə:

1. 2020-ci il 10 noyabr bəyanatından sonra Azərbaycan açıq qalan məsələlərin bir qismini öz xeyrinə həll edib,

2. Laçın dəhlizi kimi strateji əraziyə Azərbaycanın nəzarəti tədricən bərpa olunub,

3. Bu, Bakı-Moskva təmaslarında bağlı qapılar arxasında aparılan müzakirələrin bir detalıdır.

Hərçənd ki, Ermənistan üçtərəfli bəyanatın müddəalarının təhrif olunmuş formada icrasına çalışırdı, Rusiya sülhməramlılarından öz məqsədləri üçün, Laçın dəhlizindən qanunsuz gediş-gəliş üçün istifadə etməyə cəhdlər edirdi və bəlli zaman periodunda istəyinə nail oldu.

Ancaq Azərbaycanın Laçın dəhlizinin yaxınlığında müşahidə kameraları qoyması ilə, peyk vasitəsilə, müxtəlif texniki vasitələrlə, həmin ərazilərdə baş verənləri izləməsi situasiyanı dəyişdirdi.

İndi izləməklə yanaşı, Prezident Azərbaycanın praktiki müdaxilə imkanlarını da qeyd edir.

Xatırlayırsınızsa, İlham Əliyev 2021-ci ilin iyulunda AzTV-yə müsahibəsində məhz izləmədən danışırdısa, üzərindən 6 ay keçdikdən sonra Laçın dəhlizində Azərbaycanın istədiyi maşını saxlayıb yoxlaya bilmək potensialından bəhs edir.

Bununla da Rusiya sülhməramlı qüvvələrinin nəzarətində qalmış separatçı-terrorçu ünsürlərin olan-qalan ümidləri də boşa çıxır.

Azərbaycanın Laçın dəhlizinə nəzarəti Ermənistandakı revanşistlərdən və onlara himayədarlıq edən qüvvələrdən separatçılara gələn təminata “tıxac” vurur.

Ümumiyyətlə bu mövzuda danışarkən məsələyə odlu-alovlu sözlərlə yox, soyuqqanlı tərzdə yanaşmaq vacibdir.

Təbii ki, Rusiyanın öz sülhməramlılarını yerləşdirdiyi Azərbaycan əraziləri ilə bağlı ehtiyat planları mövcuddur, bəzi neqativ ssenarilərin gerçəkləşməsində sülhməramlıların də töhfəsi var.

Ancaq Bakı ərazi bütövlüyünə dair hər hansı məsələnin güzəşt predmeti olmadığını dəfələrlə bəyan edib və bu istiqamətdə hərbi-siyasi potensialını ortaya qoyub.

Sülhməramlıların nəzarət zonasında olan ərazilərdə ilişib qalan və özünə hansısa resurs toplamağa çalışan terrorçu tör-töküntülərə şirnikləndirici ideyaların bir qismi də məhz sülhməramlıların fəaliyyətindən irəli gəlir.

Azərbaycan bu riskləri vaxtında dəyərləndirib, postmüharibə dövrünün təhdidlərinə qarşı hərbi immunitet formalaşdırdı. Onların təqdim edirik:

1. İntensiv hərbi təlimlər keçirdi,

2. Müasir silahların tədarükünü davam etdirdi, birgə silah istehsalını (İsraillə) gerçəkləşdirdi, silah alışı üçün yeni bazarlara üz tutdu,

3. Sülhməramlıların nəzarətində olan ərazilərin bir qisminə nəzarəti bərpa edib (bu barədə erməni mənbələri də yazıblar)

4. İşğaldan azad edilmiş ərazilərdə yeni hərbi hissələrin açılmasını təmin etdi,

5. Peşəkar komando hərbi birlikləri yaradıldı.

Hərbi potensialın artırılması siyasi danışıqlarda Azərbaycanın əlini gücləndirdi və Ermənistanı bir sıra güzəştlərə məcbur etdi.

10 noyabr bəyanatına əsasən, sülhməramlıların ərazilərimizdəki dislokasiya müddəti 5 illikdir. Bu müddətin ikinci ilinə keçid zamanında Bakı “Laçın düyünü” aça bilib.

Proseslərin hansı səmtə yönələcəyi üçtərəfli bəyanatın icra səviyyəsindən asılıdır. Bununla bağlı isə qeyri-müəyyənlik davam edir.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını şərtləndirən amillərdən biri də həmin separatçıların Azərbaycan ərazilərindən çıxmasıdır.

Bu olmayacağı təqdirdə, yəni qarşıdan gələn dövr ərazində İrəvandan həm ərazi bütövlüyünün tanınması, həm də separatçılara dair gözlənilən cavab gəlməsə, Azərbaycan sərt addımlar atacaq.

İlham Əliyevdən sitat: “Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var. Amma buna baxmayaraq, gələcək sülh naminə, ölkələr arasındakı əlaqələrin qurulması naminə biz buna hazırıq. Amma mən qarantiya verə bilmərəm ki, bu, altı aydan sonra da eyni olacaq. İstəmirlər, yaxşı, onda olmasın, onda görərik nə olacaq”.

İlham Əliyevin açıqlamasından belə anlaşılır ki, Ermənistana altı ay vaxt qoyulur.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi