olkepress.com
olkepress.com

Çörəyi ölülərdən çıxan məmur kimdir? – VİDEO

12-06-2021, 10:47

Çörəyi ölülərdən çıxan məmur kimdir? – VİDEO

Deyirlər"qulaq gündə bir söz eşitməsə, kar olar."

Hər gün, hər saat o qədər xəbər eşidirik ki, əslində hər xəbər bizi təəccübləndirə bilmir. Amma, bu dəfə eşitdiklərimiz bizi nəyinki təəccübləndirdi, hətta sözün əsl mənasında "şoka" saldı. Çünki, bu cür davranış nəyinki vəzifəyə, peşəyə, ümumiyyətlə insanlığa sığmayan, insanlıq adına yaraşmayan bir reallıqdır.

Ağdam rayon sakini İbrahim Qubadoğlu "DogruXeber.az" İnformasiya agentliyinin redaksiyasına müraciət edib. Q.İbrahim müraciətində bildirir ki, 2020-ci ilin noyabr ayının 13-də Kürdəmir - Zərdab yolunda avtomobil qəzasına düşüb. Qəza baş verən zaman avtomobildə Q. İbrahimdən başqa onun bacısı, bacısı oğlu və həyat yoldaşı da olub. Avtomobildə olan 3 nəfər yaxınları hadisə yerində dünyasını dəyişib, İbrahim özü isə ağır bədən xəsarətləri alıb. Qanuna müvafiq olaraq, hadisənin araşdırılması üçün Kürdəmir rayon Məhkəmə Tibbi ekspertiza təyin olunub. Q.İbrahimin həyat yoldaşı əslən Zərdab rayonundan olduğu üçün, xanımın qohumları hadisə yerinə tez çatıblar və dəfn etmək üçün xanımın cəsədini tələb ediblər. Şirvan Regional Məhkəmə Tibbi ekspertizanın baş həkimi Zahir həkimə müraciət ediblər ki, cəsədi yarmadan yaxınlarına təhvil versinlər.

Sən demə Zahir həkimin sözün əsl mənasında "çörəyi cəsədlərdən çıxır"mış. Kürdəmir rayonunda əməllicə "bazar açıb, konkret qiymət belə təyin edibmiş. Cəsədi yarmadan sahibinə təhvil vermək üçün 200 (iki yüz) manat pul tələb edib. Amma, deyəsən söhbətimizin əvvəlində biraz biz acımasız danışdıq Zahir həkimə qarşı. Əslində düşündüyümüz qədər də "qəddar" deyilmiş. 200 desə də uzun söhbətdən sonra 150 (yüz əlli) manata qədər "endirim də edib. Biraz da danışıqlar aparıldıqdan sonra Zahir doktor daha da "anlayış" göstərərək, nəhayət 100 (yüz) manata "əl sıxışıb", razılığa gəlib. Amma, "Anlayışlı müdir" olan Zahir həkim işçisinə diqqətini də əsirgəməyib, rəhmətliyin yaxınlarına deyib ki, "10 manat da işçimə hörmət elə". Beləcə işi "110 (yüz on) manata bağlayıblar."

Q.İbrahimin həyat yoldaşının cəsədini yaxınları 110 manata Zahir həkimdən yarılmadan alıb apardıqdan sonra, "alveri" yaxşı baş tutan Zahir həkim digər iki cəsədi də yarmadan sabaha saxlayıb. Demək ki, hadisənin səhəri günü də digər cəsədlərin yaxınları da yarılmadan tələb edəndə, Zahir həkim "150 manatdan aşağı bir qəpik də düşməyib." Nəhayət ki, yaxınları 150 manata da digər cəsədləri alıb apara biliblər.

Maraqlıdır, Məhkəmə Tibbi Ekspertizanın rəisi Zahir həkim əgər qanuna müvafiq olaraq cəsədlərin yarılmasına israrla (rüşvət alana qədər) etiraz edirdisə, bəs hansı məqsədlə digər cəsədləri hadisənin baş verdiyi vaxtdan bir gün sonraya qədər yarmadan saxlamışdı?

Bizi "şok"a salan xəbər də elə cəsədlərin satılması" idi. Yəqin, oxuyunca sizdə də təəccüb yaranmışdır.
Təbii ki, başqa yerdə oxşar olay ilə əgər rastlaşmamısınızsa...

Çünki, artıq bu kimi halların yalnız Kürdəmirdə olmadığını düşünürük. Bəzi səlahiyyət sahiblərinin nələrə qadir olduğu hər kəsə gün kimi aydındır.

Amma, nə yazıq ki, Q. İbrahimin dərdi bununla da bitmir. İbrahim dediyinə görə hadisə baş verdikdən sonra o ağır vəziyyətdə olarkən maşında olan qiymətli əşyaları götürmək üçün oğlu Kürdəmir polisinə müraciət edib. Əfsuslar olsun ki, polis əşyaları verməyib.

Zərərçəkmişin sözlərinə görə bir neçə müddət keçdikdən sonra polis sözügedən əşyaları mərhumun yaxınlarına təqdim edib və bu günə qədər ona məxsus olan avtomobili və digər əşyaları hələ də qaytarılmayıb.

P.S: Məsələ ilə bağlı Şirvan regional qrupunun baş inspektoru Nizam müəllim ilə əlaqə saxlayıb münasibət öyrəndik. Nizam müəllim məsələni araşdırıb, yenidən bizimlə əlaqə saxlayıb, bildirdi ki, Q.İbrahimin həyat yoldaşı ilə rəsmi nigahı olmadığı üçün mərhumun üzərində olan qiymətli zinət əşyaları onun yaxınlarına təqdim olunub. Mülki məsələ olduğu üçün məhkəməyə müraciət edilməlidir.
Avtomobili isə istənilən zaman polis şöbəsinə yaxınlaşıb, sənədlərini təqdim edib, götürə bilər.

Daha sonra Məhkəmə Baş Tibbi Ekspertiza İdarəsi ilə əlaqə saxladıq. Dəstəyi qaldıran və özünü Məhkəmə Tibbi eksperti Fəxrəddin Abbasov kimi təqdim edən şəxsə Zahir həkimin cəsədi yaxınlarına pul müqabilində verdiyini dedik və onun da bu məsələyə münasibətini öyrənməyə çalışdıq.

Fəxrəddin Abbasova zəng vururuq.

F. Abbasov dəstəyi götürür:
- hə...

Biz:
- Hər vaxtınız xeyir olsun.

F.Abbasov:
- Sağ olun.

Sonra biz özümüzü təqdim edirik. Məsələni qısa olaraq ona bildirib, münasibətini soruşuruq.

F.Abbasov:
- Gedin verin prakraturaya da...

Biz:
Təbii ki, iş polisdədir. Biz bu məsələ ilə bağlı yazı hazırlamışıq. Sadəcə yayımlamadan öncə sizin də fikrinizi bilmək istədik.

F.Abbasov:
- Onda siz yazını hazırlayın. Gətirin, qoyun dəftərxanaya. Kim lazımdır onunla maraqlanıb tapın.

Biz:
- Buna gərək yoxdur. Biz yazını hazırlayıb, İçtimailəşdiririk. Sadəcə sizin mövqeyinizi öyrənmək istədik.

F.Abbasov.
Mənim mövqe vermək səlahiyyətim yoxdur. O səlahiyyət baş direktordadı.

Biz direktorun əlaqə nömrəsini F. Abbasovdan istədikdə isə, həminki aqressiv tonda:
- "mən verə bilmərəm. Vaxtım yoxdur. Sağ olun." - deyib, dəstəyi asdı.

Deyir: - "Ağası gülüm olanın, başına külüm olar." Məhkəmə Baş Tibbi ekspertiza idarəsinin eksperti bu cür davranış sərgiləyirsə, regional Məhkəmə Tibbi ekspertizasının baş həkimi Zahir həkimin də "sərbəst alveri" artıq adi haldır deyə düşünürük.

Mətbuat ilə bu cür kobud və aqressiv davranan məmurun, onlara müraciət edən vətəndaşlara qarşı davranışlarını isə təsəvvür etmək belə istəmirik.

Mövzu diqqətimizdədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.



ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi