olkepress.com
olkepress.com

Naləsi ərşə ucalan məcburi köçkünlərin fəryadı komitə sədrinə çatmır - VİDEOLAR

25-01-2022, 19:31

Naləsi ərşə ucalan məcburi köçkünlərin fəryadı komitə sədrinə çatmır - VİDEOLAR

Yalnız rəsmi saytlarından başqa heç bir mediada haqqında tək bir pozitiv cümləyə belə rast gəlinməyən Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi barəsində yenə giley, yenə narazılıq var. Sözügedən bu qurum barəsində vətəndaş narazılıqları, demək olar ki, artıq adət halını alıb.

"DogruXeber.az" informasiya portalında Ağdam rayon sakini Ceyhun Xudiyevin yaşamağa vadar olduğu, acınacaqlı durumu təkrar-təkrar yayımlandı. Məsələdə adı çəkilən və məsuliyyəti olan Ağdam rayon İcra Hakimiyyəti susdu.Ağdam rayonunu Milli Məclisdə güya təmsil edən Bəxtiyar Əliyev susdu. Yasamal rayon İcra Hakimiyyəti biraz canfəşanlıq elədi, amma, nəticədə o da susdu. Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsi desək, ondan da səs-səmir çıxmadı. Adam o qədər car çəkdi, "mənim həyat yoldaşım ankoloji xəstədir. Havasız yerdə yaşamaq ona ziyandır. Ömrünü daha da qısaldır" - deyə.

Kimə deyirsən?!...

Susduqca susdular...


Bir neçə aydan sonra məktublarına, güya tapa bilmədikləri üçün cavab vermədikləri ünvanına, yəni həmin üfunət qoxuyan zirzəmiyə hərbi xidmətə çağırış vərəqəsi göndərildi ki, bəs sənin oğlunun artıq 18 yaşı tamam oldu. Gəlsin vətənə borcunu ödəsin. Amma, həmin oğulun harda doğulduğu, hansı şərtlərdə və hansı şəraitdə böyüdüyü barəsində isə, 18 ildə olduğu kimi, bu gün də maraqlanan olmadı. Yeri gəlmişkən haqqında bəhs etdiyimiz Ağdam rayonundan məcburi köçkün olan Ceyhun Xudiyevin iki oğlu var. Yəni, o zirzəmidə, çox ağır şərtlər altında iki əsgər böyüdüb. Eləcə də, o zirzəmidə yaşayan 10-larla ailədə gələcəyin 10-larla əsgəri böyüyür.

Əlqərəz...

Görünən kəndə nə bələdçi. Artıq, hər kəsə məlumdur ki, Rövşən Rzayevin başı şəxsi biznesləri və yüksək məbləğlərin yer aldığı tender müqavilələrinə, Bəxtiyar Əliyevin az qala 20-yə yaxın vəzifəsinə və şəxsi bizneslərinə qarışıb. Vaqif Həsənov isə çoxlarından fərqli olaraq, özünə də vaxt ayırdığı üçün, deyilənə görə onun da başı şəxsi bizneslərinə və yeyib-içməyə qarışıb. Ceyhun Xudiyev isə hələ də dəyişməyən acınacaqlı yaşam durumu içində çırpınmaqdadır.

Bundan əlavə, bir neçə gün əvvəl redaksiyamıza müraciət edən qaçqın və məcburi köçkünlərin aylardır ala bilmədikləri, Qaçqın və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin soruşduğumuzda məsuliyyətini bankın üzərinə atdığı kəsilən "çörəkpulu"ndan da heç bir xəbər yoxdur.

Qaldı ki, iki ilə yaxındır evi yandığı üçün qışın soyuğunda, yayın qızmarında balaca torpaq damda, çox çətin vəziyyətdə yaşamağa məhkum olan Füzuli rayon sakini Elnur Əliyevə, onun da durumunda dəyişən bir şey yoxdur. Dəyişməsi üçün Rövşən Rzayevin biraz vəzifə borclarını xatırlaması, biraz da işlərinə vaxt ayırması lazımdır əslində. Eyni zamanda, vətəndaş müraciətlərinə baxılması lazımdır ki, orda nə deyildiyindən, qaçqın və məcburi köçkünlərin hansı problemlərdən əziyyət çəkməsindən xəbərdar olsunlar.

Füzuli rayon sakini Elnur Əliyevin redaksiyamıza təqdim etdiyi sənədlərdə göstərilir ki, onun evinin bərpası üçün 12.000 (on iki min) AZN ayrılıb. Amma, o məbləği Elnur Əliyev yalnız elə o yazıda görüb, vəssalam.

Əvvəla tikinti materiallarının qiymətlərinin baha olduğu bir dövrdə 12.000 (,on iki min) AZN bir evin tikintisinin başa çatması üçün çox az məbləğdir. İş orasındadır ki, heç o sözügedən məbləğ də vətəndaşa verilməyib.

İndi həmin məbləği kimlər mənimsəyib, hələlik bu barədə bir söz deyə bilmərik.

Ümid edirik, növbəti yayımlarımızda məcburi köçkün, eyni zamanda birinci qrup əlil Elnur Əliyevin probleminin aradan qaldırıldığı barəsində məlumatı diqqətinizə çatdıracağıq.

Hələlik isə bu yalnız bir arzudur. O arzunu reallaşdırmaq isə Rövşən Rzayevin səlahiyyətləri daxilindədir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi