olkepress.com
olkepress.com

Narkotik satanlara qarşı əməliyyat - VİDEO

1-11-2021, 18:56

Narkotik satanlara qarşı əməliyyat - VİDEO

Paytaxtın Nizami rayonunda keçirilən əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan 1-i qadın olmaqla 3 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Ölkəpress.com-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb. Əməliyyat zamanı əvvəlcə Bakı şəhər sakini Əsmər Kazımova Qara Qarayev prospektində narkotik vasitələrin satışını həyata keçirən zaman tutulub. Onun üzərində şəxsi axtarış aparılarkən 17 bükün satış üçün qablaşdırılan narkotik vasitə marixuana aşkar edilib. Əsmər Kazımova ifadəsində narkotik vasitələri Bəxtiyar və Elmir adlı şəxslərdən aldığını bildirib. Əməliyyat tədbirlərinin davamı olaraq həmin qadına narkotik vasitəni satan Bəxtiyar Qasımlı və Elmir Ağamalılı da saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxsin üzərindən bir kibrit qutusu marixuana aşkar olunub. Əlavə olaraq Bəxtiyar Qasımlının Suraxanı rayonu Bülbülə qəsəbəsində yerləşən mənzilinə baxış zamanı 19 kibrit qutusunda satış üçün saxladığı marixuana aşkar olunaraq götürülüb.

Saxlanılan şəxslərin hər biri izahatlarında Nizami, Suraxanı və paytaxtın digər rayonlarında narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi