olkepress.com
olkepress.com

Iğdırda məsciddə gecələyən vətəndaşlarımıza rəsmi Bakıdan məsləhət: “Səsinizi qaldırmayın!” - VİDEO

4-05-2020, 10:39

Iğdırda məsciddə gecələyən vətəndaşlarımıza rəsmi Bakıdan məsləhət: “Səsinizi qaldırmayın!” - VİDEOKoronavirus epidemiyasının yayılmasının qarşısını almaq üçün xarici dövlətlərlə sərhədlərini bağlayan Azərbaycanın bu addımı bir çox vətəndaşlarımızı çətin vəziyyətə salıb. Xüsusilə Rusiyada və Türkiyədə çox sayda insanlarımız ağır şəraitdə yaşayırlar.

Ovqat.com xəbər verir ki, onlardan 3-ü də Türkiyənin Iğdır şəhərindəki məscidlərdən birinə sığınıb. Gecələri məscidin həyətində yatan, gündüzləri Iğdırda döymədikləri qapı qoymayan Anar Abasov, İlgar Ragiyev və Temroz Hacıyev adlı vətəndaşlarımızla Azərbaycan Türkiyədəki rəsmi nümayəndəlikləri isə maraqlanmaq belə istəmirlər.
Vətəndaşlar Azərbaycanın Karsdakı Baş Konsulluğunun Iğdırdakı şöbəsinin də qapısını dəfələrlə döyüblər. Qapını açan olmayıb. Məlum olub ki, nümayədəlik ümumiyyətlə işləmir və onun qapısının üzərində heç kimi qəbul etmədiyi barədə elan asılıb.
Çarəsiz qalan vətəndaşlar Qarsdakı Baş konsulun Iğdırdakı “canişini” Behbud Qadalının nömrəsini tapıb ona zəng ediblər. Şikayətçilərin suallarına Behbud müəllimin cavabı isə belə olub: “Səsinizi qaldırmayın!”
Ümumiyyətlə, son zamanlar Türkiyədəki diplomatlarımızın şikayətçilərlə “vor zakon” ədasıyla danışdığının tez-tez şahidi oluruq. Xatırlayırsınızsa, bundan əvvəl də Ankaradakı səfirliyimizin nümayəndələri vətəndaşı “Bura Azərbaycan deyil, Türkiyədir. Səni yox elətdirərik” təhdidilə susdurmağa çalışdığı barədə məlumat yaymışdıq. Behbud Qadalının haqqını tələb edən şikayətçiyə xəbərdarlığı da Ankara səfirliyi qədər ötkəm olmasa belə, hər halda onları susdurmaq istəyindən xəbər verir.
“Canişin”in Azərbaycanın Iğdırdakı diplomatik nümayəndəsi olduğunu nəzərə alsaq, bu həm də rəsmi Bakının mövqeyini əks etdirir. Hər halda zahirən belədir. Əvvəl Ankarada, indisə Iğdırda ortaya çıxan bu zahiri görüntünün batini həqiqətləri nə qədər əks etdirib-etdirmədiyini müəyyənləşdirməyi isə Azərbaycancadan başqa türk, rus, ingilis dillərini də mükəmməl bilən Xarici işlər naziri cənab Elmar Məmmədyarovun ixtiyarına buraxırıq.

Bu, Ankaradakı səfirliyimizin “vor zakon”luğu
Iğdırda çətin vəziyyətdə qalan vətəndaşlarımızın cibindəki xərclikləri isə tükənir. Nazirlər Kabineti yanında Operativ Qərargah isə mayın 31-nə qədər sərhədlərin açılmamasına qərar verib. Belə çıxır ki, onlar bu müddətə qədər ciblərindəki 20 Türk lirəsi ilə keçinməlidirlər.
Azərbaycanda iş tapa bilmədiklərindən Türkiyəyə gedən və yağışdan qaçarkən yağmura yaxalanan həmin 3 nəfərin Iğdırda yaşadığı dram qardaş ölkənin media qurumlarının da diqqətindən yayınmayıb. Onların qarşılaşdıqları problemi ölkənin nüfuzlu media qurumlarından olan Haberler.com öz səhifələrinə daşıyıb. Digər informasiya agentliyi DHA isə vətəndaşlarımızın Qarsdakı Baş konsulluğun Iğdır “canişini” ilə telefon söhbətlərinə qulaq yoldaşlığı edib və danışığı qeyd alıb.
Videonu təqdim edirik.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi