60 YAŞ NƏDİR HƏLƏ
Əziz dostum Vüqar Əhməd!
Səni 60 illik yubileyin münasibəti ilə ürəkdən təbrik edirəm!
Sənə həyatın ən şirin neməti olan möhkəm cansağlığı, ailə səadəti və könül xoşluğu arzu edirəm!
Arzu edirəm ki, qələmin sürəcli, könlün dağ çayları təki kükrək, yaz ətirli şeirlərin isə həmişə könülləri oxşasın!
60 yaş Səni qorxuzmasın əziz dost. Çünki Səni hələ, qarşıda neçə-neçə elmi monoqrafiyalar, neçə-neçə gözəl şeir kitabları gözləyir...
Sən daima yaz, yarat əziz dost!
Elm dərya, qələm cəfa,
Bir millətə verər şəfa,
Tale gülər, ömür vəfa,
Sən yaz, yarat ildən-ilə,
60 yaş nədir hələ?
Səbrin, dözmün - mətanətin,
Əsərlərin - səadətin,
Qoy yayılsın şan-şöhrətin,
Beş qitəyə, eldən-elə,
60 yaş nədir hələ?
Zaman keçər fəsilləri,
Vaxt ucaldar nəsilləri,
Qoyacaqsan on illəri,
Sən arxada gülə-gülə,
60 yaş nədir hələ?
Ağ varağı ələ çək sən,
Qələm yazsın - lələ çək sən,
Bir butanı dilə çək sən,
Şeirin gəzsin dildən-dilə,
60 yaş nədir hələ?
Adın Vüqar, ürəyin dağ,
Könlün cənnət - gülşəni-bağ,
Sən qürbətdən Əşrəfə bax,
Təbrik edir Səni Lələ,
60 yaş nədir hələ?
ƏŞRƏF HÜSEYNLİ Tarix elmləri doktoru, professor. Moskva