“Gələn il qəbul imtahanlarının iki mərhələdə keçirilməsi planlaşdırılır”.Ölkəpress.com-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib:
“Pandemiya şərtləri imkan versə, gələn il qəbul imtahanlarında həm yaz, həm də yay sessiyasını keçirmək istəyirik. Hər iki sessiyada Coğrafiya fənnindən də imtahan keçirmək fikrindəyik”.
Sədr bildirib ki, ötən il Coğrafiya üzrə qəbul proqramı çox asanlaşıb: “Pandemiyanın təsiri əsasında bütün fənlərdə müəyyən dəyişiklik etmişdik ki, daha asan olsun. Amma iqtisadi rayonların yeni bölgüsü ilə bağlı sərəncam iyulun 7-də olub. İmtahan keçirdiyimiz dövr idi, həmin xəritələri dəyişə bilməzdik. Coğrafiya dərsliklərində də hələ fakt öz əksini tapmamışdı. Bununla əlaqədar keçən imtahanlarında Azərbaycanın iqtisadi bölgüsü ilə bağlı sual salmamışdıq. Hazırda proqramlar müzakirə olunur. Yeni xəritələr üzərində Təhsil Nazirliyində də iş aparılır. Bu, ictimaiyyətə təqdim olunacaq. Bizim materiallar da yəqin ki, ilin sonuna qədər dərc olunacaq və qəbul proqramlarında yeni iqtisadi rayonlarla bağlı məlumatlar əks olunacaq”.