olkepress.com
olkepress.com

Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA

5-05-2022, 16:37

Gömrükdə inhisarçılığı yaradan generallar - Kimlər hansı sahələrə nəzarət edir? - ARAŞDIRMA

Qanunsuz fəaliyyət göstərən şirkətləri idarə edənlər və qazanılan milyonların izi ilə...

Ölkəmizdə Dövlət Gömrük Komitəsinin fəaliyyəti, sahibkarlara qarşı qanunsuz tələblər və ödəmələrin etdirilməsi uzun illərdir müzakirə mövzularından biridir. Xüsusilə yerli sahibkarlara qarşı yaradılan süni problemlər, bunların fonunda böyük bir monopoliya şəbəkəsinin varlığı, qanunsuz fəaliyyət göstərən şirkətlərə daha böyük imkanların yaradılması və sair hallar artıq pik nöqtəyə çatmaqdadır.

Məsələnin ən müzakirəli tərəfi isə DGK sədri Səfər Mehdiyevin apardığı “islahat”larının effektiv olmadığı, vəziyyətin məhz onun tərəfindən idarə olunduğu çılpaqlığı ilə ortadadır.

Qısaca xatırlatma...

Hələ Dövlət Gömrük Komitəsinin rəhbərliyinə yeni təyin olunduğu dönəmlərdə media qarşısına çıxaraq meydan sulayan Səfər Mehdiyev “gömrükdə inhisar yoxdur, mənə bir fakt göstərin, istefa verim” deməsinı hamımız yaxşı xatırlayırıq. Həmin açıqlamanın ardından DGK rəhbərinin yola salınmasını, daha doğrusu, sözünə əməl edəcəyi təqdirdə istefasını reallaşdıracaq yüzlərlə fakt yerli KİV-də işıqlandırıldı.

Amma bunlar Səfər Mehdiyev tərəfindən ciddiyə alınmadı və aydın oldu ki, sən demə, ictimaiyyət DGK sədrinin həmin açıqlamasını ciddiyə almalı deyilmiş. Yəni bu sözlər elə-belə deyilibmiş…

Aylardır mətbuat olaraq gömrük sisteminin iliyinə işləyən, sadə vətəndaşları intihar həddinə qədər gətirib çıxaran qanunsuz şirkətlərin fəaliyyəti və onların dövlətə, ölkə iqtisadiyyatına vurduğu ziyan barədə silsilə məqalələr yazırıq.

Təsəvvür edin ki, ölkəmizdə hər gün "adına şirkət açdılar", "xəbəri olmdan 100 min manatlarla vergi borcu yarandı" kimi buna bənzər xəbərlərin şahidi oluruq. Aidiyyatı qurumların heç biri bu faktları araşdırmır, günahkarların cəzalandırılmasını həyata keçirmir, əksinə ört-basdır edilir. Cinayətkarlar cəzasız qalır, inhisarçılıq halları günü-gündən artır.

Əvvəlki araşdırmalarımızın davamı olaraq deyə bilərik ki, ölkənin gömrük sistemi gömrük generallarının tam əsarətinə alınıb. Buna əsarət desək bəlkə də yanılarıq, bu bir işğaldır. Gömrükdə baş verənlərin başqa adı yoxdur.

Azərbaycanın gömrük sistemi elə bir formada sarınıb ki, burada kənar şəxslər bir quş uçurda bilməz.

Kimdir bu "sarmaşıq"lar?

Onların kökündə kimlər dayanır?


Sistemi zəli kimi sovuran bu şəxslərin kimliyini araşdırmaq günlərlə vaxt alsa da, biz buna nail ola bildik. Sadəcə onların adını işıqlandırmaqla bu qanunsuz fəaliyyət göstərən şirkətlərin çöküşünə nail olmaq olarmı-olmazmı bax əsl sual budur.

Beləliklə, Azərbaycanın Gömrük sistemindəki inhisarçılığı və bu fəaliyyəti təşkil edənlərin kimliyini gözümüzün önünə sərək...

Dövlət Gömrük Komitəsi...

Təbii ki, əsas fiqur Komitə sədri Səfər Mehdiyevdir. Bu sahədə baş verənlərə, ölkənin gömrük sisteminə şəxsən sorumlu şəxsdir. Uzun illərdir bu sahəni nəzarətində saxlayır və ərtafındakı genealların köməkliyi ilə böyük şəbəkə formalaşdırmaqla monopoliyaya nəzarət edir.

Bəlli olur ki, S.Mehdiyev monopoliya sahələrini generallar arasında bölüb və hər bir general öz sahəsində hökm sürən inhisarçılığa diqqətlə nəzarət edir, əlindən vermir.

Hər hansısa boşluq, hər hansısa səhv bağışlanmır və dərhal cəza mexanizmləri işə düşür. Generalların nəzarətlərindəki şöbələr, onların müdirləri və əməkdaşları özlərinə aid olan monopoliya sistemini zərgər dəqiqliyi ilə qoruyur, böyük qazanc əldə edir. Beləcə sahələr monopoliyası əldə saxlanır.

Əslində isə azad ticarət olmalı, sahibkarlar ölkəyə qanunla qadağan olmayan məhsulları asanlıqla gətirə bilməli, vergi ödəməli, bolluq yaratmalı, süni qiymət artımının kökünü kəsməli və dövlətə vergi ödəməlidir. Bizim dediklərimiz məhz bu generalların sayəsində bu gün mümkünsüzdür və görünür, daha uzun illər belə davam ediləcək.

Səfər Mehdiyevin generallarının qurduğu monopoliya şəbəkəsi saat kimi işlədiyi üçün burda kimsə quş uçura bilmir. Bu gün sıradan bir sahibkar generalların monopoliyasına aid olan məhsulu olkəyə asanlıqla gətirə bilməz. Bilməyib gətirsə belə zülmlə üzləşər və ya dava-dalaşla yalnız bir dəfə sənədləşdirə bilər. Növbəti dəfə isə bu sahibkara dolayısı ilə “bir də belə səhv etmə” sözləri deyilər. Bunlar reallıqdır və istəyən sınaya bilər...

Növbəti ikinci fiqur - Səfər Mehdiyevin müavini, gömrük xidməti general-mayoru Məsum Rəsulovdur.

İlk öncə bunu deyək ki, Məsum Rəsulovun adını xüsusilə qeyd etmək vacibdir. Çünki bütün qaranlıq suallara cavab axtararkən ortaya bu şəxsin adı çıxır.
Bəlli olur ki, gömrük sahəsini nəzarətdə saxlayan və generalların idarə olunmasını həyata keçirən məmur məhz genearl Rəsulovdur. Belə demək mümkündürsə Səfər Mehdiyev gömrük sistemini və inhisarın idarə olunmasını general Rəsulova tapşırıb.

Gömrükdəki monopoliya sistemini və qanunsuz şirkətlərin bu fəaliyyətə necə təkan verdiyini bir qədər də açaq və daha kimlərin bu şəbəkəyə aid olduğunu göstərməyə çalışaq.

Sumqayıt Baş Gömrük İdarəsi...

Səfər Mehdiyevin "kadr islahatları"nın nəticəsi olaraq bu yaxınlarda Coşqun Əhmədzadə Baş Gömrük İdarəsinin rəisinin birinci müavini vəzifəsindən azad edilərək, Sumqayıt Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ondan öncə isə bu idarəinin rəisi general Vəzir Həsənov idi.

Məlumat üçün bildirək ki, general Vəzir Həsənovun adı bütün fəaliyyəti boyu gömrük korrupsiyasında, monopoliyasında və daha ciddi qalmaqallarda hallanıb. Lakin nəticə olaraq sonda əl-qolunu sallayaraq vəzifədən getdi və cəzalandırılmadı. Nə araşdıran oldu, nə də cəzalandıran.

Bütün bunlardan sonra Vəzir Həsənov Mehdiyevin “kadr islahatı”nın mükafatı olaraq Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edildi.

Bəs, Sumqayıt Baş Gömrük İdarəsinin hazırkı rəisi Coşqun Əhmədzadə kimdir?

Bir cümlə ilə onu xarakterizə etmək kifayətdir. C.Əhmədzadə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu, 20 ilə yaxın Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri, hazırda baş nazirin müşaviri Əhməd Əhmədzadənin qardaşı oğludur.

Yəqin ki, Coşqun Əhmədzadənin kim olduğunu 1 cümlə ilə oxuculara anlada bildik. Amma təəssüf ki, onun gömrükdəki fəaliyyəti bir cümləyə sığmır. Çünki Sumqayıt Baş Gömrük İdarəsində baş verənlər, onun ən yaxın adamları hesab olunan Emin Həsənovun, Rizvanın, Musanın, Bəxtiyarın, diğər şöbə müdirlərinin və işçilərinin qanunsuz fəaliyyəti bu barədə uzun-uzadı araşdırma aparılmasını labüd edir.

Emin Həsənovun, Rizvanın, Musanın, Bəxtiyarın, diğər şöbə müdirləri və işçilərin fəaliyyətinə nəzarət edən əsas şəxsin Yusif Eyvazov olduğunu bildikdə isə araşdırmanın miqyası daha da genişlənir.

Yusif Eyvazovun adı mətbuata yaxşı tanışdır. Uzun illər Sumqayıt Baş Gömrük İdarəsində at oynadar, ondan xəbərsiz kimsə addım ata bilməzdi. Bu şəxsin qanunsuz fəaliyyəti o qədər şişmişdi ki, nəticə olaraq məcbur qalıb onu Sumqayıtdan Biləsuvara göndərdilər.

Çi fayda, yenə Sumqayıt Baş Gömrük İdarəsi demək olar ki, onun əlindədir, əsarətindədir. Yusif Eyvazov indi Biləsuvardan Sumqayıtdakı şəbəkələrə nəzarət edir. Yəni, yerdəyişmə formaldır, idarəetmə davamlı.

Qeyd edək ki, Yusif Eyvazov Sumqayıtın sabiq baş gömrükçüsü general Vəzir Həsənovun adamı kimi tanınıb.

Qısacası, Sumqayıt Baş Gömrük İdarəsində bütün işlərə yuxarıda adlarını sadaladığımız şəxslər nəzarət edir, onların icazəsi olmadan heç bir yük açılmır, sənədləşdirilmir və buraxılışa icazə verilmir. Bütün Gömrük bu şəxslərin nəzarəti və göstərişi altında çalışır. Təbii ki, bu şəxslərin fəaliyyətinə Sumqayıt Baş Gömrük İdarəsinin hazırkı rəisi Coşqun Əhmədzadə nəzarət edir və Səfər Mehdiyevə məruzə olunur. Beləcə milyonlar qazanılır...

Bakı Şəhər Baş Gömrük İdarəsi...

Bu idarə barədə ilk öncə balaca bir xatırlatma edək. Bir neçə il əvvələ kimi, BŞBGİ şəhərin "Azadlıq" prospektinin bir addımlığında, ABŞ-ın Azərbaycandakı Səfirliyinin lap yaxınlığında yerləşirdi. Təsəvvür edin ABŞ-ın Azərbaycandakı səfirliyi "Azərbaycanda rüşvət, korrupsiya faktları movcuddur" kimi bəyanatlar səsləndirəndə bir addımlıqda olan Baş Gömrük İdarəsində bu bəyanatlara gülür və öz monopoliya fəaliyyətlərinə davam edirdilər. İndi isə bu idarə şəhərin çıxış qapısında, Salyan Şossesində yerləşir. Necə deyərlər, gözdən uzaq, könüldən iraq bir yerdə. Nə alanı görmək olur, nə də satanı...

Bir qədər əvvələ baxsaq nə görünür?

Komitə sədri Səfər Mehdiyev sədr təyin olunan kimi, ilk dəyişdiyi şəxs Bakı Şəhər Baş Gömrük İdarəsinin rəisi oldu. Elə həmin gün də həmyerlisi və dostu Kənan Məmmədovu rəis təyin etdi. Daha sonra onun gömrük sahəsinə böyük tövhələr verəcəyi ilə bağlı balladalar səsləndi.

Bir neçə il bu yalançı, pafoslu balladalar oxundu və sonda bəlli oldu ki, Kənan Məmmədovun fəaliyyəti nəticəsində Bakı Şəhər Baş Gömrük İdarəsinin fəaliyyəti günü-gündən irinləyir.

K.Məmmədovun fəaliyyəti, lap biabırçı hal alan monopoliya və qanunsuz fəaliyyət göstərən şirkətlərin sayının həddindən artıq çoxalması təhlükəyə çevrilmişdi. Sadə vətəndaşlara 100 min manatlarla vergi borcu yaradan qanunsuz şirkətlərin əksəriyyətinin bünövrəsi Kənan Məmmədovun zamanında qoyulmuşdu və indi bu var gücü ilə işləməkdə davam edir.

Belə demək mümkündürsə qanunsuz şirkətlərin yaradılması sisteminin qurulmasında Kənan Məmmədovun əməyi kifayət qədərdir. Bu sistem gömrük generallarına milyonlar, hətta milyardlar qazandırıb.

Lakin Səfər Mehdiyevin ən yaxın adamı sayılan Kənan Məmmədovu qorumaq da elə şefin özünə düşürdü ki, bunu da etdi. Həbsin bir addımlığında olan Məmmədov Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilərək Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin rəisi vəzifəsinə göndərildi. El dilində buna "ortada ye, kənarda gəz" vəzifəsi deyirlər.

Kənan Məmmədovun da fəaliyyətini araşdıran, kadr islahatlarının hansı səbəbdən aparıldığını deyən olmadı, cəza olmadı, nəticə olmadı.

Qaydalara görə, məsul vəzifədə çalışan şəxslərin aşağı vəzifələrə təyinatı üçün ciddi səbəblər olur. Məhz bu səbəblərə görə, vəzifəli şəxs tutduğu vəzifədən çıxarıldığı zaman səbəblər aydınlaşdırmalı, cəzalandırılmalı, heç olmasa töhmət almalıdır.

Səfər Mehdiyevin apardığı kadr islahatları zamanı nə cəza göründü, nə də vəzifədən uzaqlaşdırılma. Sadəcə toplananların yerini dəyişdi, amma cəm dəyişmədi...
Bəli, Səfər Mehdiyev toplananların yerini dəyişərək cəmin dəyişməməsi üçün Bakı Şəhər Baş Gömrük İdarəsinə yeni rəis təyin etdi.

Kəngərli Pərviz Muxtar oğlu... Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə gətirildi.

Pərviz Kəngərlinin fəaliyyətinə baxsaq, onun gömrük işindən daha çox peşəkar güllə atıcısı, idmançı cüssəli olduğunu deyə bilərik. İndi peşəkar güllə atıcısı ilə peşəkar baş gömrükçü arasındakı fərqi oxucu müəyyənləşdirsin.

Mehdiyevin məlum kadr islahatları "gömrükdə hansısa müsbət dəyişiklik, abu-hava yaratdımı" sualını versək cavabın nə olacağı bəllidir - "Heç nə dəyişməyib, qanunsuz fəaliyyət göstərən şirkətlərin adı dəyişir, sayı çoxalır və sairə.

Araşdırmalarımız Bakı Şəhər Baş Gömrük İdarəsində Ədalət adlı bir məmurun fəaliyyətindən də yan keçməyib.

Kimdir bu məmur Ədalət?

Ədalət müəllim Səfər Mehdiyevin ən yaxşı kadrı kimi xaraktrizə olunur. Sabiq komitə sədri Aydın Əliyevin vəzifədən uzaqlaşdırdığı məmurdur.
Amma Səfər Mehdiyev sədr təyin olunduqdan sonra Aydın Əliyevin "vurduğu” kadrları irəli çəkməyə başladı. DGK sədri sələfinin dövründə vəzifədən uzaqlaşdırılmış və onunla həmyerli olan gömrükçüləri yüksək postlara yerləşdirdi.

Halbuki həmin şəxslər A.Əliyevin rəhbərliyi vaxtında yol verdiyi maxinasiyalara, nöqsanlara görə gömrük sistemindən kənarlaşdırılmışdılar.
Həmin gömrük məmurlarından biri Bakı Baş Gömrük İdarəsinin sabiq rəisi, general-mayor Kənan Məmmədov və onun müavini Ədalət Hüseynəliyevdir.

S.Mehdiyevlə həmkəndli olan (əslən nehrəmlidirlər – red) Ə.Hüseynəliyev indi Bakı Şəhər Baş Gömrük İdarəsində əsas şəxslərdən sayılır. Sahələrin monopoliyada saxlanması və qanunsuz şirkətlərin idarə olunması mexanizminə nəzarət edən üst şəxslərdən biri sayılır. Məlumata görə, Ədalət Hüseynəliyev az məmurlardan biridir ki, Səfər Mehdiyev onunla razılaşır.

Daha bir monopolist məmur olaraq Kamran Əliyevin adına rast gəlinir.

Bu şəxs son kadr islahatları zamanı Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsi Qida məhsullarının rəsmiləşdirilməsi şöbəsinin rəisi vəzifəsindən azad edilərək Bakı Baş Gömrük İdarəsi Gömrük Əməliyyatları İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin idarədə çalışan Gündüz adlı şəxs də bu generalların qanunsuz əməllərini səhmana salmaqla, onların bu fəaliyyətinə dəstək verməklə məşğuldur.

Araşdırma zamanı ortaya daha bir necə məmur imzası ortaya çıxır.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev və onun qardaşı oğlu Abdulla Abdullayev. Abdulla Abdullayev əmisinin dəstəyindən istifadə edərək gömrükdə qanunsuz şirkətlərin idarə olunmasında, gömrük monopoliyasının yaradılmasında general əmisinə böyük dəstək verir.
Həmçinin əmisi Əsgər Abdullayevin bu postda qorunması üçün ciddi komanda şəklində nəzarətlərində olan monopoliya sahəsinə tam nəzarət edir.

İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi və qanunsuz şirkətlər...

Elə isə yuxarda adlarını sadaladığmız şəxslərin məlum qanunsuz fəaliyyətinə nəzarət etməli olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi Azər Məmmədov və yüksək çinli şəxslər hansı fəaliyyətlə məşğuldur?

İsimlərin araşdırılması zamanı bu inhisarçı generallara sözügedən qurumun rəhbərliyi tərəfindən dəstək verdildiyinin müəyyən detalları da ortaya çıxır.
Sən demə, gömrükdə fəaliyyət göstərən qanunsuz şirkətlər arasında idarə rəisi Azər Məmmədovun da şirkətləri var. Bu işin uğurla həyata keçirilməsində idarəinin rəis müavini Rəşid Həsənovun adı ön sırada çəkilir.

Qeyd olunur ki, Azər Məmmədov qanunsuz şirkətlərin sahibləri və ya idarəediciləri ilə Rəşid Həsənov vasitəsi ilə əlaqə yaradır, addımları müəyyənləşdirir.
Bəlli olur ki, bu "fəaliyyət”ə xələl gətirən işçilər vəzifələrindən asılı olmayaraq vəzifədən uzaqlaşdırılır və cəzalandırılır. Amma bütün hallarda ümumi nəzarət sistemi dəyişmir.

Bir sözlə nəticə olaraq demək olar ki, Azərbaycanın Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevlə, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsin rəisi Azər Məmmədov ölkədə qanunsuz şirkətlərin varlığına göz yumur, onların fəaliyyəti üçün öz ətraflarında olan şəxslər vasitəsilə geniş çevrə yaradırlar.

Nəticədə həm Azərbaycanda süni qiymət artımı, ölkənin ticarət bazarına tam nəzarət və monopoliya yaranmış olur, həm də bu şirkətlər vergidən yayınır, büdcənin oğurlanmasında yaxından iştirak edirlər.

Sonda isə hamı üçün daha vacib bir sual ortaya çıxır ki, bunun da cavabını dahi yuxarı instansiyalar verməılidir.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev yüksək postlara səlahiyyətli şəxsləri təyin edərkən onlara "tam şəffav işləyin, xalq üçün, dövlət üçün işləyin.

Korrupsiyaya bulaşan məmur həbs olunacaq" kimi tövsiyyələr verir, xəbərdalıqlar edir.

Görəsən cənab prezident bu sözləri Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyevə deməyibmi? Deyibsə bəs, Səfər Mehdiyev niyə prezidentin sözünə əməl etmir?

Yaxın günlərdə bu suala da cavab tapmağa çalışacağıq.
(Azinfo.tv)

Ōlkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi