Müharibə Rusiyada təkcə əhaliyə narahatlıq gətirməyib. Əslində, ölkə rəhbərliyi üçün də rahatlıq pozulub. Sanksiyalar bir-birini əvəz edir. Rusiya elitasının ailə üzvləri Qərb ölkələrindən vətənə qayıtmalı olur. Şirkətlərin bazar dəyəri sürətlə aşağı düşür. Üstəlik, həbs təhlükəsi var. Beynəlxalq Cinayət Məhkəməsi artıq prezident Vladimir Putin haqqında belə qərar çıxarıb. Onu 123 ölkədə həbs təhlükəsi gözləyir.
Bizimyol.info xəbər verir ki, Böyük Britaniya mətbuatı Putinin yaşayış yerini dəyişdiyini yazır. Dövlət başçısı ailəsini qoyaraq Kremlə köçüb. İngilis jurnalistlər Putinin həm təhlükəsizlik baxımından, həm də stress üzündən belə davrandığını bildirir.
Rəsmi məlumatlarda Rusiya Prezidentinin indiyə qədər Moskva ətrafındakı Novo-Oqaryovoda yerləşən iqamətgahda yaşadığı deyilirdi. Amma Qərb mətbuatında onun yaşayış yerinin müəmmalı olduğu yazılırdı. Putinin hətta bunkerdə gizlənməsi istisna edilmirdi. İndi isə onun Kremlə köçməsi dəqiqləşib.
Putin müsahibələrinin birində etiraf etmişdi ki, Çin lideri Si Tszinpinlə Kremldəki mənzilində görüşüb. Dövlət başçısı burada çox vaxt keçirdiyini, tez-tez gecələdiyini dilə gətirmişdi.
Prezidentin mətbuat katibi Dmitri Peskov yaşayış yerinin dəyişdirilməsi ilə bağlı yazılanları təkzib etməyib. O, dolayısıyla müharibəyə görə belə addım atıldığını deyib. Peskov bildirib ki, Putin burada çox vaxt keçirməli olur, ona görə də Kremldə gecələməsi məqsədəuyğundur.
Putinin ikinci həyat yoldaşı olduğu iddia edilən Alina Kabayevanın harada yaşadığı tam dəqiq deyil. Çünki Kreml olimpiya çempionunun statusunu rəsmi şəkildə elan etmir. Ehtimallar var idi ki, Kabayeva da Putinlə Novo-Oqaryovoda yaşayır. Amma bir müddət əvvəl alternativ media yeni imarətdən yazmağa başlayıb. İddiaya görə, Putinlə Kabayeva üçün Valday gölünün ortasındakı torpaq ərazidə ev inşa olunub. Onların məhz orada yaşadığı bildirilir. Hətta göl hövzəsində yaşayanların başqa yerə köçürüldüyü, balıqçıların ərazidən uzaqlaşdırıldığı deyilir. Valday gölü ətrafına turistlərin buraxılmaması da bu varianta işarə vurur.