olkepress.com
olkepress.com

AĞXALATLILARIN QARA MÜHASİBATLARI ..

13-09-2021, 18:41

AĞXALATLILARIN QARA MÜHASİBATLARI ..

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2021-ci ilin avqust ayının 30-da bir sıra satınalmaya yekun vurub.

Bu satınalmaların ümumi məbləği 38.725 (otuz səkkiz min yeddi yüz iyirmi beş) manat təşkil edib.

Kollecin "Abadlaşdırma xidmətlərinin satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 14.624 manat, qalibi "Ricard-222" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Qeyri yaşayış binalarının əsaslı təmiri" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 9.711 manat, qalibi "Qlobus Az 21 Kompany" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Maşın və avadanlıqların satınalınması" lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 14.390 manat, qalibi isə "Podium As" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

2 nömrəli Bakı Baza Tibb Kollecinin 2021-ci ilin avqust ayının 30-da yekun vurduğu satınalmalarda qalib elan edilən hər üç MMC olduqca ciddi şübhələr yaradır.

Şirvan sakini Kolleci abadlaşıdıracaq

"Abadlaşdırma xidmətlərinin satınalınması" lotu üzrə satınalmanın qalibi elan edilən "Ricard-222" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprel ayının 1-də yaradılıb. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi ev 16A, m. 25 ünvanıdır. On manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Cəfərov Hikmət Həsənağa oğludur.

Cəfərov Hikmət Şirvan şəhər sakinidir.

"Ricard-222" MMC-nin işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur.

Daha bir Şirvan sakini Kolleci əsaslı təmir edəcək

"Qeyri yaşayış binalarının əsaslı təmiri" lotu üzrə satınalmanın qalibi elan edilən "Qlobus Az 21 Kompany" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin iyun ayının 25-də yaradılıb. Şirkətin hüquqi ünvanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu ev 82 ünvanıdır. İki manat nizamnamə kapitalı olan "Qlobus Az 21 Kompany"-nin qanuni təmsilçisi Əzizova Günel Xankişi qızıdır.

Əzizova Günel Xankişi qızı Şirvan şəhər sakinidir.

"Qlobus Az 21 Kompany" MMC-nin də işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur.

Hacıqabullu xanım Kollecə maşın və avadanlıq alacaq

"Maşın və avadanlıqların satınalınması" lotu üzrə satınalmanın qalibi elan edilən "Podium As" Məhdud Məsuliyyətli Cəmiyyəti 2020-ci ilin dekabr ayının 14-də təsis edilib. "Podium As" MMC-nin hüquqi ünvanı Xəzər rayonu, Zirə qəsəbəsi Bünyad Sərdarov ev 2 ünvanıdır. On manat nizamnamə kapitalı olan "Podium As" MMC-nin qanuni təmsilçisi Şotiyeva Aygün Ağaqulu qızıdır.

Şotiyeva Aygün Hacıqabul rayon sakinidir.

"Podium As" MMC-nin işçi qüvvəsi, maddi-texniki bazası, faktiki ünvanı, fəaliyyət profili, sahib olduğu lisenziya və sertifikatlar barədə məlumatlar yoxdur.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Təhsil müəssisəsinin eyni gündə sifarişçi olduğu satınalmalarda qalib elan edilən MMC-lərin fəaliyyət profilləri barədə heç bir məlumatın olmaması və qanuni təmsilçilərinin eyni rayondan olması bir sıra şübhələri ortaya çıxarır.

Qeyd edək ki, 2 nömrəli Bakı Baza Tibb Kolleci Səhiyyə Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsidir. Məktəbin əsasə 1950-ci ildə qoyulub.

Kollec müalicə işi, mamalıq işi, tibbi profilaktika, ortopedik stomatologiya, əczaçılıq, tibb bacısı işi və laboratoriya diaqnostikası ixtisası üzrə təhsil verir.

2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru Məmmədəliyeva Dilarə Əli qızıdır.
(Qlobal.az)

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi