“2017-ci ildə Bakıda keçirilmiş İslam Həmrəylik Oyunları ilə Türkiyədəki İslamiadanı eyni tutmaq olmaz. Azərbaycandakı yarış daha yüksək səviyyədə təşkil olunmuşdu”.Bu fikirləri “Report”un Konyaya ezam olunmuş əməkdaşına açıqlamasında İslamiadada bürünc medal qazanan Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin üzvü Ayşən Abduləzimova deyib.
29 yaşlı oyunçu bürünc medal uğrunda qarşılaşmada qalib gəldikləri Kamerun seçməsi haqqında danışıb:
“Bu rəqibə qrupdakı ilk görüşün birinci setində uduzmuşduq. Onlar da qələbə qazanmaq istəyirdilər. Amma buna icazə vermədik”.
Abduləzimova qonşu ölkəyə qızıl medal üçün gəldiklərini bildirib:
“Amma yarımfinalda İranla matç istədiyimiz kimi alınmadı. Onlardan belə oyun gözləmirdik. Bizi bir az çaşdırdılar. Bu yarışdan medalla dönmək də böyük şeydir. Çünki burada bir az qarışıqdır. İstədikləri zaman oyunun vaxtını dəyişə bilirlər. Biz burada hər şey gözləyirdik. Dünən İranla yarımfinal oyununa saat 4-də çıxmalı idik. Amma qarşılaşmanı səhər saat 10-a saldılar. Bir gecədə görüşün vaxtını dəyişdilər”.
O, Avropa çempionatının seçmə oyunlarına hazırlaşacaqlarını söyləyib:
“Bakıya qayıdandan 3 gün sonra görüşlərimiz olacaq. Məqsədimiz Avropa çempionatına vəsiqə qazanmaqdır”.
Macarıstanın “Vaşaş” klubunda çıxış edən oyunçu Azərbaycan voleybolunun yüksəlməyə doğru getdiyini sözlərinə əlavə edib:
“Daha əvvəl ölkə voleybolu çox düşmüşdü. İndi yüksəlişə doğru gedirik. Qarşıdakı mövsüm qadınlardan ibarət “Azerreyl” komandası, kişilərdə isə “Murov” Çağırış Kubokunda oynayacaq. Bu, böyük addımdır”.
Voleybolçu hələlik klubunu dəyişmək barədə düşünmədiyini diqqətə çatdırıb:
“Gələn mövsüm Çempionlar Liqasında oynayacağıq. Ora artıq mənim evimdir və orada çox rahatam. Hələlik klubumu dəyişmək istəmirəm”.
Ölkepress.com