olkepress.com
olkepress.com

Lavrov razılıq əldə olunduğunu deyir, Azərbaycan rəhbərliyi təmkinli, Paşinyan isə narahatdır

18-05-2021, 09:26

Lavrov razılıq əldə olunduğunu deyir, Azərbaycan rəhbərliyi təmkinli, Paşinyan isə narahatdır


Azərbaycan və Ermənistan arasında mayın 12-də Qaragöl ətrafında başlayan gərginliyin aradan qaldırılması üçün Rusiyanın iştirakı ilə müzakirələr davam edir. Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov məsələ ilə bağlı razılıq əldə olunduğunu bildirib. “Orada bir güllə də atılmayıb, toqquşma olmayıb. Oturub, sakitcə bu situasiyanı necə yüngülləşdirməyi müzakirə edirlər. Bizdən dəstək istəyiblər və bizim hərbçilər bu dəstəyi veriblər, razılaşma əldə olunub. Mən sakitcə həll oluna biləcək məsələyə görə emosiyaların qızışdırılmasına heç bir əsas görmürəm”, – deyə nazir vurğulayıb.

S. Lavrovun hansı razılaşmadan bəhs etdiyi hələlik aydın deyil. Çünki bununla bağlı Ermənistandan və Azərbaycandan hər hansı təsdiq yoxdur. Əksinə, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan bu gün Təhlükəsizlik Şurasının iclasında deyib ki, Azərbaycanın bir qrup hərbçisi Ermənistan ərazisindən çıxsa da, hərbi-siyasi vəziyyət mayın 12-dən bəri dəyişməz qalıb. “Bu, nə deməkdir? Bu, o deməkdir ki, biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı mexanizminin, Ermənistan-Rusiya müttəfiqlik mexanizmlərinin işə salınması üzərində işi davam etdirməliyik. Mövqeyimiz birmənalıdır: Azərbaycan hərbçiləri Ermənistan ərazisindən çıxmalıdır”, – deyə o, söyləyib.

Göründüyü kimi, Ermənistan və Rusiya arasında məsələyə fərqli yanaşma var. Erməni tərəfi Azərbaycan ordusunun ölkə ərazisinə daxil olduğunu iddia edərək bunu özünün ərazi bütövlüyünə qəsd kimi qiymətləndirsə də, Moskva olayı adi demarkasiya problemi sayır. Lavrovun yuxarıdakı sözləri, bir güllə belə atılmadığını söyləməsi təsdiqləyir ki, onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və konkret Rusiyanın müdaxiləsini zəruri edən bir problem görmürlər. Rusiyalı nazir qeyd edib ki, Moskva bu prosesdə Bakıya və Yerevana kömək etməyə hazırdır:

“Bu məsələ ilə heç vaxt heç kim məşğul olmayıb. Biz də təklif etmişik ki, onlar belə bir işə başlasınlar. Biz bu işdə onlara kömək göstərməyə, kartoqrafik materiallar və məsləhətlər verməyə hazırıq”.

Paşinyanın növbəti maraqlı bəyanatı budur ki, o, “Zəngəzur dəhlizi” məsələsinin Ermənistanda heç vaxt müzakirə olunmadığını və olunmayacağını deyib:

“Regionda kommunikasiyanın açılması bizim siyasi gündəmimizdə durur, amma bunun dəhliz təbliğatı ilə heç bir əlaqəsi yoxdur. Hazırda Azərbaycanda və Ermənistanda konkret siyasi dairələr bu məsələni təbliğ edirlər”.

Xatırladaq ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə ölkənin digər hissəsi arasında Ermənistan vasitəsilə nəqliyyat əlaqəsinin yaradılması 10 noyabr Bəyanatında əksini tapıb. Doğrudur, orada dəhliz sözü yoxdur, amma hər halda, Azərbaycana Ermənistan ərazisindən istifadə hüququ verilir. Görünür, Paşinyan seçkiqabağı kampaniya dövründə öz mövqeyini və ritorikasını sərtləşdirmək ehtiyacı hiss edib.

Paşinyanın sözlərinə görə, sərhədlərin dəqiqləşdirilməsi Azərbaycanın dediyi kimi, ikitərəfli formatda keçirilə bilməz, çünki bu iki ölkənin bir-biri ilə əlaqəsi yoxdur. O, sərhədlərin dəqiqləşdirilməsi prosesinin üçtərəfli formatda keçirilməsinin vacibliyini vurğulayıb, bu barədə bir neçə dəfə razılaşma əldə olunduğunu söyləyib. Yəni Paşinyan prosesdə Rusiyanın iştirakını zəruri sayır.

Bu gün – mayın 17-də Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ilə telefon danışığında onu Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələr barədə məlumatlandırıb. İ. Əliyev bildirib ki, hazırda sərhədin dəqiqləşdirilməsi prosesi gedir və Ermənistan tərəfi bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Onun fikrincə, Ermənistanın bununla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsi məsələnin beynəlmiləlləşdirilməsi cəhdindən başqa bir şey deyil və tamamilə əsassızdır, sərhəddə hər hansı toqquşma baş verməyib, vəziyyət sabitdir, danışıqlar davam etdirilir.

Qeyd edək ki, bundan əvvəl Paşinyan da Tokayevlə telefon danışığı apararaq sərhəddəki gərginliyi müzakirə edib. Hər iki tərəfin Qazaxıstan rəhbəri ilə müzakirələri bu ölkənin KTMT-nin aparıcı üzvü olmasıyla bağlıdır. Mayın 14-də Paşinyan bu təşkilatdan hərbi yardım istəyib. Rəsmi Bakı da təşkilata üzv dövlətlərlə təmasa keçərək Qaragöl ətrafında baş verənlərlə bağlı onları məlumatlandırıb. İki gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov tacikistanlı həmkarı ilə danışmışdı. Hazırda KTMT-yə məhz Tacikistan sədrlik edir.

Bundan başqa, gərginlik Fransa və Azərbaycan arasında da müzakirə predmeti olub. Ceyhun Bayramov Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Driana sərhəd gərginliyi məsələsinin şişirdilməsinin, siyasiləşdirilməsinin yolverilməz olduğunu və bu kimi məsələlərin danışıqlar yolu ilə həllinin vacibliyini bildirib. Xatrıladaq ki, Fransa prezidenti E. Makron Paşinyanın məlum bəyanatından sonra Azərbaycanı işğalçılıqda ittiham etmişdi. C. Bayramovun fransalı həmkarına dedikləri rəsmi Bakının bu ittihamlara cavabı sayıla bilər.

Beləliklə, Azərbaycan və Ermənistan arasında baş verən gərginliyin diplomatik müstəvidə həll olunacağı artıq şübhə doğurmur. Amma tərəflərin hansı şərtlər əsasında konsensusa gələcəyi, yaxud gəldiyi maraq doğurur. Ermənistan maksimalist mövqedən çıxış edir, Azərbaycan isə çox təmkinli və soyuqqanlı davranır. Ermənistan problemin ikitərəfli müstəvidə çözülməsini istəmir, Rusiyanın prosesdə iştirakı şərtini qoyur. Lavrovun və Paşinyanın yuxarıda təqdim olunan açıqlamalarından görünür ki, Azərbaycan bu məsələyə etiraz etməyib. Ehtimal etmək olar ki, rəsmi Bakı bütün sərhəd xəttinin dəqiqləşdirilməsini, işğal altında olan Azərbaycan kəndlərinin geri verilməsini istəyir. Lakin Paşinyanın iyunun 20-də keçiriləcək kritik seçkilərə qədər buna razılıq verəcəyi ağlabatan görünmür.

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Mart 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi