olkepress.com
olkepress.com

Villanızda bayquşlar ulasın!...

5-04-2021, 13:51

Villanızda bayquşlar ulasın!...Peşə fəaliyyətimlə əlaqədar olaraq ölkəmizin müxtəlif bölgələrinə tez-tez səfərlər edirəm. Tovuzlu dostlarım həmişə belə deyirlər: “Sən Tovuzda bizdən çox olursan”.

Mən təkcə Tovuzda deyil, Şəkidə də, Balakəndə də, Göygöldə də, uzaq Lerikdə də çox olmuşam. Sosial fəlakətlə üz-üzə qalan bölgələrimizdən vaxtaşırı yazmış, dövlət strukturlarının diqqətini əhalinin problemlərinə yönəltmişəm. Hər səfər yeni tanışlıq, hər tanışlıq isə yeni mövzudur. Bircə qalır, əlini vicdanının üstünə qoyub həqiqəti yazmaq...

Vaxtilə bu barədə yazdığım üçün hadisəni təfərrüatı ilə xatırlayıram. Jurnalist dostlarımla birlikdə Göygölə getmişdik. Qışda da yaydakı kimi gözəl olan bu əsrarəngiz gölə doyunca tamaşa edəndən sonra geri qayıtdıq. Yerli əhali arasında Mixaylovka kimi məşhur olan Dəyirmanlar kəndindən keçəndə bizə bələdçilik edən samuxlu tələbə yoldaşım belə dedi: “Keçmiş Vergilər naziri Fazil Məmmədovun bu kənddə villası var”.



Mövzu öz ayağı ilə gəlib çıxmışdı. Nəinki mənim kimi saçını-saqqalını müstəqil qəzetlərin kasıb redaksiyalarında ağardan adam, heç sınaq müddətində olan gənc jurnalist də bu fürsəti əldən verməzdi. Odur ki, dərhal dilləndim: “Ora gedək”.

Kənd balaca, Fazil Məmmədovun villasına uzanan yol hamar olduğu üçün iki dəqiqə sonra mənzil başına çatdıq. Darvazaya yaxınlaşmağa macal tapmamış orta yaşlı gözətçi başımızın üstünü kəsdirdi. Nə illah elədiksə, ağzını açıb bir kəlmə danışmadı. Biz geri qayıdanda tələbə yoldaşım belə dedi: Burda villasının olduğu bəlkə də Fazil Məmmədovun özünün də yadından çıxıb. Ən azı beş-altı ildir onu burda görən yoxdur. Hava yaxşı olanda gözətçi həmkəndlilərini başına yığıb, həyətdə domino oynayır”.

Oxşar hadisə ilə çox qarşılaşmışam. Məsələn, beş-altı il əvəvl Qubadan Qusara gedərkən bu bölgəni yaxşı tanıyan bir tanışım yolun kənarındakı nəhəng villanı göstərib, onun sabiq Nəqliyayt naziri Ziya Məmmədova məxsus olduğunu demişdi. Həmin villada kimin yaşadığını soruşanda isə belə cavab vermişdi: ““Gəlib-gedən olmadığı üçün villa gözətçinin ümidinə qalıb. O da avaranın biridir. Tay-tuşunu başına yığıb, səhərdən axşama kimi nərd oynayır”.

Yuxarıda yazdım axı, mən bölgələrimizdə çox oluram. Üç-dörd il əvvəl Şamaxının Məlhəm kəndində olanda bələdçimiz yolun kənarındakı villalardan birini göstərib, belə demişdi: “Bu evin sahibi vəzifəli şəxs idi. Bir neçə il əvvəl qəfildən dünyasını dəyişdi. Atalarının Şamaxıda villa tikdirdiyindən uşaqlarının xəbəri yoxdur. Gözətçinin üzünə gün doğub. Yayda həyətə beş-altı masa qoyub, kəndə gələn turistlərə pivə satır”.

Bu mövzuya təkrar qayıtmağım səbəbsiz deyil. Ötən gün Demokrat.az saytında Milli Məclisin deputatı Ağalar Vəliyevin sabiq spiker Oqtay Əsədov üçün Qubanın Qəçrəş kəndində dəbdəbəli villa inşa etdirdiyi barədə xəbər oxudum. Qeyd olunur ki, villa 1 hektarlıq ərazidə “Kristal Abşeron” tikinti şirkəti tərəfindən inşa edilib. Meşəlik ərazidə tikilən villanın şəkilləri ilə tanış olanda başa düşürsən ki, belə bahalı hədiyyə hamıya nəsib olmur…

Adım kimi əminəm ki, bu adamların hərəsinin beş-altı villası, Bakıda və xarici ölkələrdə 10-15 evi var. Yuxarıda da yazdığım kimi, onlar bəzən 7-8 ildə bir dəfə həmin ünvanlara ayaq basmırlar. Bunun adı görməmişlikdir. Onların gözü doymadığı üçün büdcə heç vaxt dolmur. Çünki bu villalar xalqın puluyla tikilir. Buna görə də xalqın reaksiyası həmişə eyni olur: “Villanızda bayquşlar ulasın…”

Seymur VERDİZADƏ //yenisabah.az//

ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2021    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi