olkepress.com
olkepress.com

İlham Əliyevin Paşinyanı diplomatik nokauta saldığı anlar - VİDEO

17-02-2020, 11:33

İlham Əliyevin Paşinyanı diplomatik nokauta saldığı anlar - VİDEOFevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında debat keçirildi.

Debatla bağlı Azərbaycan, Rusiya və Ermənistan mətbuatında, sosial şəbəkələrdə geniş müzakirələr açıldı.
Müzakirələrdə Prezident İlham Əliyevin debatda aşkar üstünlük əldə etməsi vurğulanır.
Ümumiyyətlə, bu, İlham Əliyevin Nikol Paşinyanla müzakirələrdə ilk belə qələbəsi deyil.
Ölkəpress.com xatırladır ki, dövlət başçısı İlham Əliyev hələ 2019-cu ilin oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasının plenar sessiyasında Paşinyana tutarlı cavabı ilə diqqət çəkmişdi.
Belə ki, Paşinyan 2019-cu ilin avqustunda Azərbaycanın işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” deməsi ilə gündəmə gəlmişdi.
Ancaq Ermənistanın Baş nazirinin bu bəyanatı daha çox daxili auditoriyaya hesablanmışdı, onun heç bir beynəlxalq çəkisi yox idi.
İlham Əliyev isə Soçidə dünyaca tanınmış qonaqların qarşısında qətiyyətli mövqe ortaya qoydu.
İlham Əliyev çıxışında “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi” deməklə Paşinyanın onsuz da itirilmiş nüfuzuna daha bir zərbə vurdu.
Həmin ilin oktyabrın 8-də İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı Azərbaycanla bağlı həqiqətləri mötəbər tribunalarda səsləndirdiyini deyib.
“Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin”.
Ardınca isə Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb. Prezident arqumentləri və dəmir məntiqi ilə Nikol Paşinyanı daha bir diplomatik nokauta salıb.
Azərbaycan dövlət başçısı Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib.
Ölkə başçısı qeyd edib ki, MDB liderləri dəfələrlə nasistlərin qəhrəmanlaşdırılmasına qarşı çıxıblar.
“Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”, - deyə Prezident İ.Əliyev bildirib.
Aciz durumda qalan Nikol Paşinyan isə mövzunu başqa məcraya yönəltməyə cəhd göstərib. Amma bu da uğursuz alınıb.
“Qaregin Njde Vladimir həbsxanasında ölüb. Bir çox sovet xadimləri Vladimir həbsxanasında ölüblər. Soljenitsin QULAQ-da olub. 1937-1950-ci illərə qədər məhkum edilənlərin hamısının xalq düşmənləri olduğunu hesab edirik? Əgər belədirsə, onda bir çox görkəmli xadimlər məhkum olub, öz həyatlarını həbsxanalarda bitiriblər. Bu, o demək deyil ki, biz bütün bunları fakt kimi qəbul etməliyik.
Mən bu formatdan tarixi təhrif etmək, bu kifayət qədər vacib iclasın ab-havasına hansısa gərginlik gətirilməsi üçün istifadə olunmasını yersiz hesab edirəm. Hesab edirəm ki, Azərbaycan Prezidentinin sözləri, ilk növbədə, erməni xalqına hörmətsizlikdir. Mən bunu dövlət başçılarına və onların təmsil etdiyi xalqlara qarşı hörmətsizlik hesab edirəm. Hörmətli həmkarlar, mən belə gərginliyə görə üzr istəyirəm. Amma siz gördünüz ki, onun müəllifi mən deyiləm”, - deyə Paşinyan bildirib.
Halbuki İlham Əliyev çıxışında erməni xalqına qarşı bir ifadə işlətməmişdi.
Prezident deyib ki, çıxışında Ermənistanın Baş nazirindən, xüsusən də erməni xalqından söhbət getməyib.
Ölkə başçısı Paşinyanın tarixlə bağlı qüsurlu müqayisəsinə də cavab verib.
“Hesab edirəm ki, Sovet İttifaqının digər xalqları kimi, bizim ümumi qələbəmizə böyük töhfə verən erməni xalqı, ilk növbədə, özü əvvəlki rəhbərliyin ölkəyə vurduğu bu ləkədən təmizlənməlidir. Əgər Baş nazir mənim çıxışıma diqqətlə qulaq asıbsa, onda yəqin ki, o da bunu tutub. Həmçinin, hesab edirəm ki, nasist əlaltıları və cinayətkarları ilə QULAQ-ın və digər düşərgələrin repressiyaya məruz qalmış dustaqlarını müqayisə etmək qətiyyən yolverilməzdir.
Mən öz çıxışımı təsadüfən sitatlarla möhkəmləndirmədim. Onları kitabxanada, internetdə tapmaq olar. Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin 2019-cu ilin may sitatında və Rusiyanın Müdafiə naziri Şoyqunun redaksiyası altında 12 cildlik nəşrin sitatında kifayət qədər aydın deyilir ki, o, necə bir “xadim” olub.
Həmçinin, nə qədər iyrənc olsa da, onun sitatını mən bir daha təkrar edəcəyəm: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Bu, Böyük Vətən müharibəsi illərində deyilib.
Buna görə də hesab edirəm ki, özünü demokratik seçilmiş təqdim edən yeni hakimiyyət, ilk növbədə, bu ləkədən, bu rüsvayçılıqdan təmizlənməli və həmin heykəli sökməlidir. Mənim dövlət başçılarına hörmətsizlik göstərdiyimə gəlincə, düşünürəm ki, bizim iclasımız, yəqin ki, bundan daha absurd tezis eşitməyib”.
Ümumiləşdirsək, deyə bilərik ki, Ermənistan hökumətinin başçısının İlham Əliyevlə görüşlərdə çox hazırlıqsız və təcrübəsiz olduğunu sezmək elə də çətin deyil.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi