olkepress.com
olkepress.com

İslamı kostyumda sevdirən adam...

7-03-2023, 08:29

İslamı kostyumda sevdirən adam...

Böyük məfhumların tərifi olmur. Bu şeylərdən danışanda gərək dərindən nəfəs alasan, içinə küləklər əsə, sinən ümman kimi qabara... Və hər cəhddən sonra bu ümmanda bir az da batdığını düşünərək uzun-uzun danışasan.

Ana, Allah, Vətən, sənət kimi...

Onun kimi adamlar haqqında yazmaq da əzəldən çətindir, ölümü məsələni bir az da müşkül etdi: Hacı Şahin+ölüm. Hər ikisindən sanbal yağır, birləşdisə, danışma.

Onun sahəsindəki adamların dostu qədər düşməni olur.
Onu sevməyən adamı isə görmədik.

Ateistlərin belə haqqında bölüşdükləri xatirələri oxuyanda, Hacı Şahini tanımasan, elə bilərsən kimsə səhabələrdən danışır, yaxud hədis, rəvayət oxuyur.
O, İslamın gözəl siması idi.

O, göstərdi ki, kostyumda gəzərək də, haqqında hədis kimi xatirələr yarada bilərsən.
“Əsl İslam bu deyil” deyib axtardığımız əsl İslam Hacı Şahində idi.

Təbii, çox yaşaya bilməzdi. Yaşatmazdılar - belə insanların ən təbii, ilk haqqı əlindən alınır, yaşamaq haqqı...

Onu insanlar yaşatmadı...

Hər gün onlarla qəbiristanlıq qarğasını göyərçinə çevirmək insan işi deyil. Bu qüdrətə bir ürək elə 48 il dözərdi.
O, ən sadə mövzular haqqında da diri söz deməyi bacarırdı. Nitqində xəbər olmayanda, yeni təşbehlər deyirdi. Nəyinsə, nəyəsə oxşaması insan övladına xoş gəlir axı.

Hacı Şahin Azərbaycanda bəlkə də yeganə adam idi ki, onun gələcək postunu düşünəndə sevinirdik. Səhiyyə, mədəniyyət, təhsil haqqında bunu ürəklə deyə bilməsəkdə, din haqqında deyə bilirdik: İslam əmin əllərdədir.

O, İslamı milliləşdirməyi bacaran azərbaycanlı idi. Hacı Şahini İslamın Azərbaycan brendi adlandırmaq olar. O, Sovet dövründə formalaşdırılmış din adamı obrazını müasir Azərbaycanın milli məfkurəsinin ortaya qoyulmasıyla darmadağın etdi. Məhz Hacı Şahinin simasında biz bütün dünyaya göstərə bildik ki, müsair Azərbaycan dövlətinin dini fəlsəfəsi nədən ibarətdir. Adətən biz klassiklər haqqında danışarkən məhz Peterburq məktəbinə istinad edərək həmin şəxsləri hansı mədəniyyətin yetişdirdiyini xatırlayırıq. Amma bu gün yetişən Polad Həşimovlar, Mübariz İbrahimovlar, Qurban Qurbanovlar, Hikmət Mirzəyevlər, Hacı Şahinlər qeyd etdiyimiz kimi, milli düşüncənin, xalqın doğru istiqamətdə inkişaf etdiyini göstərir. Hacı Şahin vaxtsız vəfat etsə də, o, bu mövzuda missiyasını başa çatdıra bildi.

İslam yarandığı gündən dünyanı özünə xidmət etdirib, Hacı Şahin İslamı Azərbaycana xidmət etdirirdi.
Dini təhsilini harda almasından – İranda, Turanda, Ərəbistanda – lap Sarbonda – asıllı olmayaraq hamı onun qarşısında əriyirdi. Sinəsinə yığdıqlarını onun önündə saf çürük edir, etinasının qarşısında mum olurdu.

Qafqaz müsəlmanlarının ilk Şeyxülislamı Məhəmmədəli Hüseynzadədir: Şeyx Əhməd Salyaninin atası (Əhməd Hüseynzadə) Əli bəy Hüseynzadənin isə ulu babası idi. Əli bəy Hüseynzadənin atasını erkən itirdikdən onu babası böyüdüb. Qafqazın III şeyxülislamının tərbiyyəsi ilə böyümüş Əli bəy Hüseynzadə “Üçrəngli bayraq”, “Paytaxt Bakı” və bir çox dünyəvi, mütərəqqi ideyaları ilə Azərbaycanı 72 il sovet zindanında diri saxlamağı bacardı.

Şeyxülislam tərbiyəsi ilə böyüyən Əli bəy Hüseynzadə cəhalət dövründə “kafər universitetləri”ndə təhsil görməkdən usanmadı, Mendeleyevdən, Jukovskidən dərs aldı... Nəticədə bu cılız Əli bəy əsrlərlə xanların tonlarla qızılı əridib birləşdirə bilmədiyi ölkənin sütunlarından biri oldu.
Hacı Şahin hər gün bir az da öz xoşsima İslamı ilə dövlətə yaxınlaşdıqca gələcəyi təhlükə vəd edən böyük bir cəhənnəm kütləsinin üstünə müqəddəs yağış yağırdı. Göydən məhəbbət leysanı tökülürdü və düşünürdük ki, bununla da müxtəlif kəslərin əlində alətə çevrilən İslam, nəhayət ki, əsl siması ilə qarşımıza gələcək, qüdrətli tribunalardan sələnəcək.

Təəssüf, leysanın ömrü uzun olmur.

Ancaq heç bir leysan nəticəsiz olmur.

Leysan ən azından mas-mavi səma yaradır.

Aydın səma isə heçnəyi gizləmir. Əngilliklərdə də olsa, uçuşan gənc şahinlər gözə dəyir
Sərdar Amin,
Xüsusi olaraq “Qafqazinfo” üçün


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi