olkepress.com
olkepress.com

“Olympus Park”ın 4 layihəsindəki problemlər: - icazələri olmadığı halda necə bina tikir, evlər sökürlər?

14-09-2021, 14:45

“Olympus Park”ın 4 layihəsindəki problemlər: - icazələri olmadığı halda necə bina tikir, evlər sökürlər?

Son illər paytaxt Bakıda bir neçə böyük yaşayış kompleksinin tikintisini həyata keçirən “Olympus Park”la bağlı məhkəmə çəkişmələri, mübahisəli məsələlər həllini tapmır. Şirkətin vətəndaşlarla və rəsmi qurumlarla məhkəmə çəkişmələri hələ də davam edir.

Musavat.com xəbər verir ki, hazırda tikinti şirkətinin həyata keçirdiyi böyük layihələrin dördündə ciddi problemlər var. Bəzilərində vətəndaşların şəxsi əmlakı dağıdıldığı üçün məhkəmə çəkişməsi gedir, bəzilərində isə yaşıllıqların qanunsuz olaraq məhv edilməsinə görə rəsmi qurumlarla problemlər yaranıb.

Şirkət “28 May” ünvanındakı tikintisi zamanı ağacları kəsib. Buna görə şirkətə cinayət işi açılıb.

Xətai rayonunda inşa edilən binada “Lider” idman klubunu qanunsuz olaraq sökdükləri üçün hazırda məhkəmə prosesi davam edir.

Nərimanov layihəsində də şirkətə cinayət işi açılıb. Çünki şirkət vətəndaşa məxsus əmlakı onun icazəsi olmadan söküb və bu günə qədər razılıq əldə edilməyib.

Səbail rayonundakı layihədə də eyni problem yaranıb və şirkətin tikdiyi 3 binadan birinə həbs qoyulub.

Məhkəmə prosesləri ilə bağlı ortaya çıxan yeni faktlar var.

Belə ki, Xətai rayonunda inşa edilən binada “Lider” idman klubunun sökülməsi ilə bağlı davam edən məhkəmə araşdırması zamanı üzə çıxıb ki, şirkətin icazəsi olmadığı halda bir ildən artıq müddətdə tikinti işlərinə başlayıb. Bu azmış kimi tikintiyə icazə olmadığı halda idman klubunu da söküblər.

Rəsmi sənədlərdə göstərilir ki, onlara bu ilin iyun ayında tikinti üçün rəsmi icazə verilib.

Sökülən idman klubunun sahibi İlham Sərdarov deyir ki, şirkətə rəsmi icazə verildiyi vaxt artıq binanın 8-ci mərtəbəsi inşa edilirmiş:

“Mən mətbuata müsahibə verəndən sonra Dövlət Şəhərsalma və Arxitektura idarəsi rəsmi olaraq dedi ki, tikintinin icazəsi yoxdur və buna görə də dayandırılıb. Mənim müsahibəmdən, idarənin açıqlamasından iki ay sonra şirkət icazə sənədini ortaya çıxardı. Həmin günə qədər necə tikinti aparıblar?”

Qeyd edək ki, şirkət idman klubunu sahibinin icazəsi və razılığı olmadan qanunsuz olaraq gecə saat 4 radələrində söküb.

İlham Sərdarov məsələ ilə bağlı bütün rəsmi qurumlara müraciət edib. Lakin bu günə qədər problemin həll yolu tapılmır. Klub rəhbəri dəymiş ziyanı, kompensasiyanı ala bilmir. Bu azmış kimi şirkət ondan şikayətçi olub.

Belə ki, şirkət rəsmiləri həm "Musavat TV"yə, həm də digər yerli mediaya müsahibələrində klubun sökülməsini tikinti qəzası olduğunu deyib. Şirkət rəsmiləri İlham Sərdarovla danışıqlar apararaq məsələnin həllinə çalışdıqlarını da söyləmişdilər.

Amma sonradan şirkət Xətai Rayon Məhkəməsinə iddia ilə müraciət edib.

Rəsmi olaraq “RS Construction” MMC olaraq qeyd edilən şirkət (Olympus Park) iddia ərizəsində göstərir ki, idman klubunu İlham Sərdarov özü söküb. Əlavə olaraq şirkət İlham Sərdarovdan 1 milyon manat da təzminat istəyir. Bu təminatı da belə əsaslandırır ki, İlham Rəhimov mətbuata verdiyi açıqlamalarla şirkətin işgüzar nüfuzuna xələl gətirib.

Bundan sonra İlham Rəhimov Xətai Rayon Məhkəməsinə qarşılıqlı iddia təqdim edib. İlham Sərdarov iddia ərizəsində göstərir ki, sökülən qeyri-yaşayış sahəsi mülkiyyət hüquqi ilə ona məxsusdur.

Xatırladaq ki, bir müddət əvvəl də Fövqəladə Hallar Nazirliyi şirkətin tikinti işlərini dayandırmışdı. Qeyd edək ki, adı çəkilən şirkət İlham Sərdarovun razılığı olmadan onun idman klubunu içərisində əşyaları olmaqla gecə yarısı sökmüşdü. İlham Sərdarov bu cinayət hadisəsi ilə bağlı bir ildən çoxdur rəsmi qurumlara və məhkəməyə müraciət edib.

Şirkət isə vətəndaşın əmlakının qanunsuz olaraq sökülməsini tikinti qəzası kimi şərh edir.

Xatırladaq ki, şirkətin daha bir qalmaqalı Nəsimi rayonundakı layihədə baş vermişdi. Şirkət vətəndaş Mansur Ələkbərova məxsus evi qanunsuz olaraq sökmüşdü. Aylarla davam edən məhkəmə çəkişmələrindən sonra şirkət vətəndaşla razılığa gələrək məsələni həll etmişdi.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Nisan 2024    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi