ABŞ prezidenti Co Bayden Ağ Evdə ölkədə səfərdə olan İsrailin baş naziri Benyamin Netanyahunu qəbul edib.
Olkepress.com APA-ya istinadən xəbər verir ki, Netanyahu Baydenlə görüşə minnətdarlıqla başlayıb. O 50 il ərzində İsraili dəstəklədiyi üçün Baydenə öz təşəkkürünü bildirib.
Netanyahu və Bayden Ağ Evdə danışıqlara başlamazdan əvvəl mətbuata çox qısa açıqlama veriblər. “The Times of Israel” nəşrinin yazdığına görə siyasətçilər bir-biri ilə xoş fikir mübadiləsi apararaq jurnalistlərin çoxsaylı suallarını cavabsız qoyublar.
“Cənab prezident, biz bir-birimizi 40 ildir tanıyırıq. Siz son 50 ildə İsrailin hər bir baş nazirini tanıyırsınız. İsrailə 50 illik dəstəyə görə sizə təşəkkür etmək istəyirəm”, - deyə Netanyahu tədbirin əvvəlində bildirib.
Qeyd edək ki, Vaşinqtonda etirazçılar Netanyahunun heykəlini və ABŞ bayraqlarını yandıraraq Netanyahunun ölkəyə səfərinə və Fələstin məsələsinə etiraz ediblər.
Netanyahunun səfər çərçivəsində həmçinin vitse-prezident Kamala Harris və sabiq prezident Donald Trampla da görüşəcəyi gözlənilir.