İtaliya sahillərində iki qayığın batması nəticəsində azı 10 nəfər ölüb, onlarla insan itkin düşüb.
Almaniyanın “ResQship” yardım təşkilatı tərəfindən idarə olunan “Nadir” gəmisinin xilasediciləri Aralıq dənizinin mərkəzində taxta qayığın aşağı göyərtəsində on cəsəd tapıblar.
Yardım təşkilatı Tunisdən yola düşdüyü güman edilən batan qayıqda olan 51 nəfərin xilas edildiyini bildirib.
Digər hadisə nəticəsində isə İtaliyanın cənubundakı Kalabriya sahillərindən təxminən 160 km aralıda İon dənizində qayığın batması nəticəsində 50 nəfərin itkin düşdüyü bildirilir. Aralarında hamilə qadın olan 12 nəfər ticarət gəmisi tərəfindən xilas edilərək “Roccella İonica” limanına aparılıb.
İtaliya mətbuatında yer alan xəbərlərə görə, miqrantlar son günlər Türkiyəni tərk edən yelkənli qayıqla səyahət ediblər. Göyərtədə İran, İraq, Suriya və Əfqanıstan vətəndaşları olub.