olkepress.com
olkepress.com

Razi Nurullayev: “Bir-iki məmurun adını çəkib onu rüsvay edəcəkdim, amma...”

8-07-2020, 11:32

Razi Nurullayev: “Bir-iki məmurun adını çəkib onu rüsvay edəcəkdim, amma...”“Daha qurban vermək fikrimiz də yoxdur, hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da olmalıdır”

Milli Məclisin yaz və növbədənkənar sessiyalarının fəal deputatlarından oldu. Hər halda, əksər iclaslarda seçicilərin problemlərindən danışdı, ümumölkə miqyaslı məsələlərə münasibət bildirdi, qanun layihəlrinin müzakirəsində aktiv iştirak etdi. Biz də onunla açıq söhbət etmək istədik. Alındı, açıq, hətta bir sıra hallarda xətrinə dəyəcəyini güman etdiyimiz suallara təmkinli və səmimi cavab verdi, nə o incidi, nə də biz. Beləliklə, müsahibimiz 79 saylı İmişli seçki dairəsini parlamentdə təmsil edən bitərəf deputat Razi Nurullayevdir.

- Razi bəy, yaz sessiyasında fəallığınızla diqqət çəkdiniz. Bəs özünüz özünüzdən razı qaldınızmı?

- Yox, razı qalmadım. Düzdür, seçicilərin problemlərini, ölkədə çağırışları, siyasi, iqtisadi, sosial problemləri də danışdım. Hər gün səhər 8.30-da parlamentə daxil oldum və bu günə qədər də işə gəlirəm, axşam isə gec çıxıram. Buna baxmayaraq, narahatam, düşüncələr içindəyəm və mənəvi rahatlıq tapa bilmirəm. Bir an olsun telefon zəngləri dayanmır, bütün sosial şəbəkələr üzərindən məktublar gəlir, şəhər telefonuna belə zənglər gəlir. Bütün məktubları, şikayətləri aidiyyəti üzrə yönləndiririk, zənglər edirik, bəzən tələb də edirik, amma bütün problemləri və xahişləri həll etmək gücümüzdə deyil. 10 köməkçim olsa belə, razı salacaq nəticə almaq mümkün görünmür. İndi mən necə razı qalım? Məndən o qədər kömək gözləyən var ki. Çoxunu həll edə bilmirik, heç çatdırıb hər kəslə danışa da bilmirik. Yığılıb qalan problemlərin sonu da yoxdur, dibsiz quyu kimi bir şeydir.

- Deputat həmkarınız Etibar Əliyev müsahibələrinin birində deyib ki, parlamentdə susmağı öyrənib. Düzdür, hələ bir neçə aylıq fəaliyyətdən söhbət gedir və bəlkə də qiymətləndirmə üçün tezdir. Ümumiyyətlə, siz bu barədə nə düşünürsünüz? Heç oldumu ki, ürəyinizdə sözünüz ola-ola susmağa qərar verdiniz?

- Açığını desək, siz jurnalistlər də görürsünüz ki, o qədər də sözünü saxlayan və susan adam deyiləm. Amma çox sərt şəkildə demək istədiyim məsələ olub və konkret adlar da çəkib nəyi var, lori dildə desək, bir daha yığmamaq şərti ilə “sökmək” istəmişəm. Parlament elə bir yerdir ki, hamı bir-biri ilə normal və dost münasibətində qalmağa çalışır. Mənim üçün pis məmur, başqa deputat üçün yaxşı məmur ola bilər. Əslində tam olaraq pis və ya yaxşı insan olmur. Pis, ya da yaxşı münasibət olur. Məni də belə sərt çıxışlardan çəkindiriblər. Bir-iki məmurun adını çəkib onu rüsvay edəcəkdim, yüz faizlik haqqım da var idi və bu gün də o haqqı özümdə saxlayıram, amma məni həmkarlarım dayandırdılar və bəlkə də düz etdilər. Amma qoy hər kəs bilsin ki, mən susan deputat deyiləm və belə fikrim də yoxdur. Dövlətimə, millətimə bağlıyam, yolunda ölümə də gedərəm, amma dövlətimə, xalqıma əl uzadanlara, incidənlərə, vəzifəsindən sui-istifadə edənlərə qarşı amansız olacağım birmənalıdır.

- Yeri gəlmişkən, iclasların birində spiker Sahibə Qafarovanın ünvanına xeyli xoş sözlər söylədiniz...

- Bəli, xanım sədrin ünvanına xoş sözlər söylədim, bəlkə də hələ az dedim. Xanım sədr şərait yaratmasaydı, mən necə fəal deputat ola bilərdim, sözümü necə deyərdim? Bir dəfə də olsun sözümü kəsməyib, onu danış, bunu danış deməyib, səsimi boğmağa çalışmayıb. Bütün deputatlar xanım sədrdən razıdır, mən də bu razılığı ifadə etdim.

Razi Nurullayev: “Bir-iki məmurun adını çəkib onu rüsvay edəcəkdim, amma...”

- Razi bəy, seçkilərdə elə də böyük faizlə uğur qazanmadınız, 21 faizdən bir az çoxdur nəticə. Bəs deputat fəaliyyəti dövründə necə, seçicilərin özünüzə olan etimad faizini hansı həddədək artıra bilmisiniz?

- Bunu jurnalistlər sorğu keçirib öyrənsələr daha yaxşı olar. Zənnimcə, seçki zamanı da reytinqim yüksək olub. Amma seçicilər səsvermədə zəif iştirak etmişdilər. Həm də 17 namizəd var idi. Nəticədən narazı deyildim. Bu gün isə reytinqimin daha yüksək olduğu qənaətindəyəm. Bunu edilən zənglərdən, vətəndaşlardan aldığım məktublardan, yazılan şərhlərdən və göndərilən mesajlardan aydın görmək olmur. Hətta müsbət mənada yazırlar ki, İmişlinin heç belə deputatı olmamışdı...

- 5 il əvvəl Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-dən istefa verdikdən bir neçə ay sonra öz AXCP-nizi yaratdınız. Amma parlamentin yaz sessiyasında qınaq dolu çıxışınız da oldu və AXCP sədri olaraq təqdim olunmamağınıza etiraz etdiniz. Ötən 5 ildə sizin şəxsi uğurlarınızı çıxsaq, partiya olaraq nə qazanmısınız?

- Partiya olaraq ən böyük uğurumuz 2018-ci il Prezident seçkisində iştirak etmək hüququ əldə etməyimiz oldu. Seçki marafonunda xalqın problemlərini proqram şəklində dilə gətirdik və haqqında ən çox danışılan namizəd olduq. Dostlar və xalq fikirlərimizi müsbət yöndə müzakirə etdi, qara qüvvələr və gözü götürməyənlər isə çıxışmıza şər-şəbədə qoşdular. Siyasətdə heç də hər şey hamar və nəzakətli olmur. Mən bunu qəbul edən siyasətçilərdənəm. Sonra nəyi deyim? 2015-ci ildə yenidən formalaşmağımıza baxmayaraq, qısa müddət ərzində ölkə səviyyəsində siyasi gündəm formalaşdıra bildik. Bu müddət ərzində xalqın əleyhinə olan heç bir işdə, sözdə və əməldə iştirakçı olmadıq.

- Maraqlıdır, ötən müddət ərzində Əli Kərimli ilə haradasa yollarınız kəsişibmi, rastlaşıb, ya zəngləşmisinizmi, yoxsa əlaqələrə birdəfəlik nöqtə qoyulub?

- Yox, onunla bir neçə dəfə yas məclislərində bir yerdə olmuşuq, onda da özümüzü görməzliyə vurmuşuq. Bir neçə dəfə olub, internet üzərindən yazmaq istəmişəm: tərəfdarlarının söyüşünü dayandır ki, bumeranq olub qayıtmasın. Sonra İsveç yazıçısı Selma Lagerlöfün povesti əsasında sovetlər vaxtı çəkilmiş “sehrlənmiş oğlan” Nils yadıma düşüb və onun kimi, əlimi qulağımın dibinə qoyub “Eh...” deyib keçmişəm. Onunla əlaqələrə birdəfəlik nöqtə qoyulub, nə etsən də siyasət alınmır.
- Səhv etmirəmsə, siz rəsmən AXCP olaraq tanınmırsınız. Bugünlərdə bir sıra partiyalar qeydiyyata alındılar. Belə olan halda siz də addan imtina edib, yeni adla Ədliyyə Nazirliyinə müraciət edə bilərsinizmi?

- Prezident Administrasiyasında yeni yaradılan şöbənin müdiri hörmətli Ədalət Vəliyevin siyasi partiyalarla görüşləri bizdə inam yaradıb və bunu şans kimi dəyərləndiririk. Gözləyirik və müsbət nəticəyə köklənmişik. Hər halda, hazırkı dalan vəziyyətindən bir çıxış yolu olmalıdır və niyə də olmasın? Əgər biz AXCP kimi tanınmırıqsa, bunun da sonunda məntiqi cavabı olmalıdır. Təbii ki, qeydiyyatsızlıq sonsuzluğa kimi gedə bilməz və partiyada olan insanlar da bununla bağlı mənə təzyiq göstərir. Elə də böyük zamanımız yoxdur, ölkənin siyasi həyatında siyasi partiya kimi iştirak etsək də, hüquqi cəhətdən bu belə deyil. Narahatlıq yaradan məsələlərdən biri də budur.

- Hər halda, qeydiyyata alınmaq həm də dövlət büdcəsindən vəsait almaq deməkdir...

- Əlbəttə. AXCP ilk gündən talesiz qurum olub. İlk talesizliyi Əli Kərimlinin birinci müavin və sonrakı dövrdə sədrliyi ilə başlayıb. Çünki o, partiyanın on minlərlə üzvünə ancaq və ancaq məşəqqətlər yaşadıb. Nə hakimiyyətə gələ bilib, nə koalisiya yaratmağı bacarıb, nə də hakimiyyətdə təmsilçilik əldə edə bilib. Bu müddət ərzində fədakar, əzmkar və 90-cı illərdən bəri bir kostyumda gəzən cəbhəçilər də yıpranıb, sınıb və darmadağın olublar. Ümidlə yaşayıb, ümidsiz dünyalarını dəyişiblər. İndi də biz hakimiyyətin uzun illər boyu yanlış siyasətinin qurbanına çevrilmişik və qurban verməkdə davam edirik. Açığını deyim ki, daha qurban vermək fikrimiz də yoxdur, hər şeyin bir başlanğıcı olduğu kimi, sonu da olmalıdır. Biz də sonuna gəlmişik. Bizim cəbhəçilərin də dövlətdə təmsilçiliyə haqları var, məşəqqətlərinə də son verilməlidir. Bu, onların sadəcə konstitusion haqlarıdır, heç kim əlavə güzəşt və yardım istəmir. Haqqını tələb edir.



“Bəzi hərəkətlərim başqalarına “Razi Nurullayev bitdi, məhv oldu”, yaxud “daha onu bitirəcəklər, üstündən xətt çəkəcəklər” kimi gəlir, mənə isə yeni imkanlar kimi...”

- Razi bəy, siz indiyədək həm bələdiyyə, həm parlament, həm də prezident seçkilərində namizəd olmuşdunuz. Amma ən çox barənizdə müzakirələr prezident seçkilərindəki çıxışlarınızdan sonra aparıldı. Sizin barənizdə “qarımış qızları ərə verəcək”dən tutmuş, “Pakistandan atom bombası alacağ”ınıza qədər diskussiyalar aparıldı, bəzən bu söhbətlər əndazəni keçdi. Bəlkə də başqası olsa, siyasətdən çəkilərdi, inciyərdi insanlardan. Amma siz inadkarlıqla mübarizəni davam etdirdiniz və mandat sahibi oldunuz. Belə söhbətlər sizə necə təsir edir?

- Allaha şükürlər olsun ki, mənə dəyərləndirmə bacarığı verib. Bəzi hərəkətlərim başqalarına “Razi Nurullayev bitdi, məhv oldu”, yaxud “daha onu bitirəcəklər, üstündən xətt çəkəcəklər” kimi gəlir, mənə isə yeni imkanlar kimi. Hər zaman da haqlı mən oluram. Deyirdilər ki, Razi Nurullayev AXCP kimi iki ay davam gətirəcək və sonra yaddan çıxıb gedəcək. Hamı bunu gözləyirdi və əmin idilər. Bir də gördülər ki, partiya yerindədir, bir il keçdi, aha, ikinci il də bitdi, üçüncü il də bitdi, dördüncü il Razi Nurullayev prezidentliyə namizəd oldu... Sonra dedilər ki, qurtardı, bununla da Razi erası bitdi... Gözlərini açdılar ki, parlamentdə oturmuşam. Mənə düzgün yolu və strategiyanı Allah göstərir. Çox təhqir olunmuşam, çox incidilmişəm və əsassız yerə də çox ittiham edilmişəm. Amma heç bir təzyiq və təhqir məni düzgün bildiyim yoldan çəkindirməyib. Bəziləri Azərbaycanı İsveçlə dəyişik salır. İctimai rəyin əsiri olub gedirlər və doğru bildiklərini də edə bilmirlər. Onlar siyasətini gündəlik, həftəlik və maksimum ay üzərində qurub ictimai rəyə uyğun danışır, tədbir keçirir və müsahibə verirlər. Olurlar günün qəhrəmanı. Mən isə günün qəhrəmanı yox, dövlətçilik yolunda illərin, onilliklərin, Allah ömür versə, daha uzun illərin qəhrəmanı olmaq yolundayam.
- Milli Məclisin yaz sessiyasında vitse-spiker Fəzail İbrahimli ilə də balaca bir mübahisəniz olmuşdu. Sonradan professorla görüşüb danışdınızmı bu haqda?

- Əlbəttə. Zəng etdim və çox mehriban danışdıq. Vədələşdik ki, çay da içək, amma o hissəsi qalıb hələ. Bayramlarda da təbrikləşirik. O səhifəni qapatmışıq. Fəzail müəllim professordur, vitse-spikerdir və həm də ziyalıdır. Mənim onunla dərinə getməyim yaraşan hərəkət olmazdı.

- Razi bəy, sizin tərcümeyi-halınız kifayət qədər zəngindir. Xüsusilə də yaxşı dil mütəxəssisi olmağınız, ingilis və fransız dilini bilməyiniz əlavə üstünlüyünüzdür. Necə bilirsiniz, siz diplomat kimi dövlətimizə daha çox fayda verərdiniz, yoxsa indiki fəaliyyətinizlə?

- Həmişə deməklə etmək arasında Himalay dağı boyda uçurum olduğunu görmüşəm. Desəm ki, diplomat kimi daha yaxşı olardım, bu da doğru olmaz. Gərək işləyəsən ki, fərqi biləsən. Əgər bir neçə il diplomat kimi də işləsəydim, indi müqayisədə nəsə deyə bilərdim. Amma rəsmi olmasa da, elə hər gün diplomatiya ilə məşğulam.

Ölkəpress.com


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MARAQLI
ŞOU-BİZNES
TƏQVİM
«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi